Səbinə Sultan:”Misirlilər Novruz bayramına böyük maraq göstərir”
“İNFONEWS” xaricdə yaşayan soydaşlarımızın Novruz bayramı təbriklərini təqdim edir.
Novruz Türk xalqlarının qeyd etdiyi ən qədim bayramlardan biridir. Novruz – sülhə, dostluğa, əmin-amanlığa və birliyə bir çağırışdır.
Ərəb ölkələrində Novruz bayramı geyd olunmur. Lakin buna baxmayaraq, biz, Misirdəki Azərbaycan Diasporu üzvləri olaraq, adət-ənənəmizi yaşadır, bayram şirniyyatları bişirərək, Novruz süfrəsi hazırlayıb, ailə üzvlərimiz və misirli dostlarımızla Novruz çərşənbələrini, İlin təhvil olmasını böyük sevgi ilə geyd edirik. Bununla yanaşı, Misirin Dövlət Telekanalının verilişlərində Novruz bayramımız haqqında danışır, milli mənəvi dəyərlərimizi daşıyan bu əziz bayram haqqında geniş məlumat veririk. Həmçinin demək istərdim ki, bu gözəl, rəngarəng, bolluq-bərəkət bayramımız misirlilərin çox böyük marağına səbəb olur.
Hər il misirli şagird və tələbələr üçün Misirdə “Azərbaycanı kəşf et!” rəsm müsabiqəni keçiririk. Müsabiqənin şərtlərinə görə, iştirakçılar Azərbaycana aid rəsmlər çəkib, bizə göndərirlər. Müsabiqənin ilin hansı fəslində keçirilməsindən asılı olmayaraq, əksər şagird və tələbələr öz rəsmlərində Novruz xonçası, Novruz adət-ənənələrini əks etdirən rəsmlər çəkməsi çox maraqlı və sevindiricidir.
Baharın gəlişini, təbiətin oyanışını müjdələyən, ümid dolu başlanğıcların, bolluq və bərəkətin simvolu olan Novruzun qədəmləri xalqımız üçün uğurlu, sayalı olsun!
Ömrünüz yaz gülləri qədər ətirli və təravətli olması diləyi ilə
Novruz bayramınız mübarək olsun, əziz xalqımız!
Hörmətlə,
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə üzvləri:
Koordinator Səbinə Sultan
“Miss Teen Azerbaijan – 2020” Gənc ixtiraçı-alim Sandi Ənvər
“Hedaya Co” Şirkətinin səhmdarı Dr Sada Əliəşrəf