«Fala inanma, faldan da qalma» – NOVRUZ FALLARI
“İNFONEWS” Novruz bayramı münasibəti ilə silsilə məqalələr paylaşır.
Folklorşünas alim, Bakı Dövlət Universiteti “Şifahi xalq ədəbiyyatı” kafedrasının dosenti Məhəmməd Məmmədovun təqdimatında
«Fala inanma, faldan da qalma»
Novruz fallarına qulaq falı, üzüksalma falı, kuzə falı, qıfıl falı, başmaq falı, cıdır falı, iynə falı və s. daxildir. Məsələn, «qulaq falı», «qulağagetmə», «qapıpusma» və s. adlarla tanınan, bəxti, niyyəti sınamaq məqsədilə icra olunan ayindir. Novruz bayramının ilaxır çərşənbəsində hava qaralandan sonra qulaq falına çıxırlar. Ürəyində niyyət tutan şəxs özü ilə bir qab su, güzgü açar götürüb qonşu qapılarına gedirlər.Xəlvətcə içəridə danışılan söz-söhbətə qulaq asır. Eşitdiyi ilk sözləri ürəyində tutduğu niyyətlə tutuşdurur. Əgər sözlə niyyət arasında uyğunluq varsa, deməli, arzu, istək də həyata keçəcəkdir.
Yumurta falı qabaqcadan tutulmuş niyyətin xəbərvermə ayinidir. İlaxır çərşənbə gecəsi icra olunan həmin falda yumurtanı yük dolabının altına qoyurlar. Yumurtanın yanına qırmızı və qara rəngli boyalar da qoyaraq niyyət tutub yatırlar. Sabahısı gün sübhdən durub baxırlar. Əgər yumurtada təsadüfən qırmızı boyalı xətlər, işarələr varsa, demək uğurludur. Tutulmuş niyyətdəki arzu, istək mütləq həyata keçəcək. Yox, əgər yumurtanın üstündə qara rəng əlaməti varsa, onda istək hasil olmayacaq.
Kuzə falı zamanı ilaxır çərşənbə gecəsində yalnız gəlinlər oğul-uşaq böyütmüş qadınlar bir evə toplaşırlar. Aralığa üzük, oymaq, düymə və s. nəsnələrini kuzənin içinə atırlar. Bir nəfər kuzəni bulaq, çay, göl suyu ilə doldurub evə gətirir və kuzənin ağzına güzgü qoyurlar. İlaxır çərşənbə gecəsinin səhəri nişan sahibləri kuzə olan evə gəlirlər. Balaca bir qız uşağı əlini kuzənin içinə salır. Oradan əlinə keçən nişanı çıxarır. İştirakçılardan biri uşağın çıxardığı nişana baxmadan «Vəsfi-hal» nəğmələrini xatırladan sözlər- bayatılar söyləyir. Nişan sahibi bu sözləri ürəyində tutduğu niyyətə uyğun yozur və s.
Fal İslam kodeksi ilə bir araya sığmasa da, ana-nənələrimiz hər zaman «Fala inanma, faldan da qalma» məsəlini üstün tutaraq bildikləri, eşitdikləri falları icra etməklə gələcəkdən xəbərdar olmaq istəmişlər.