ABŞ Aİ-nin Rusiyadan enerji asılılığını azaltmaq üçün istehsalçı ölkələrlə müzakirələr aparır
“ABŞ Avropa İttifaqının (Aİ) Rusiyadan enerji asılılığının azaldılması istiqamətində neft və qaz istehsalçısı ölkələri ilə müzakirələri davam etdirir”.
“İNFONEWS” “APA”-ya istinadən xəbər verir ki, Bunu ABŞ-ın enerji naziri Cennifer Qrenholm Fransaya səfərindən öncə audioformatda keçirdiyi brifinqdə APA-nın müxbirinin sualına cavabında deyib.
O, bildirib ki, ABŞ Avropa enerji bazarına tədarükün artırılması və səmərəlilik tədbirləri ilə bağlı ittifaqla, eləcə də istehsalçı ölkələrlə işləyir.
“ABŞ-ın istehsalçı ölkələrə (tədarükün artırılmasına – red.) necə kömək edə biləcəyi ilə bağlı bir çox müzakirələr aparılıb. Bu müzakirələr tədarükün artırılmasının nəzərdən keçirilməsi üçün davam etdirilir. Qeyd etdiyim kimi, ABŞ bu istiqamətdə öz neft və qaz istehsalçıları ilə fəaliyyət göstərir. Biz strateji neft ehtiyatımızın açılışını Beynəlxalq Enerji Agentliyinin müşayiəti ilə həyata keçirmişik. Biz mümkün olduğu qədər hər bir mayeləşdirilmiş təbii qaz molekulunu ixrac etmişik və digər istehsalçı ölkələrdən də bunu istəmişik. Bir sözlə biz Aİ ilə harmonik şəkildə işləyirik və həm tədarükün, həm də səmərəlilik tədbirlərinin artırılması cəhdlərini davam etdirəcəyik”.
Nazir vurğulayıb ki, Aİ-nin enerji istifadəsində səmərəliliyin artırılması və tələbin azaldılması məqsədi ilə 10 maddədən ibarət plan təqdim edilib. Təklif edilən tədbirlərə riayət edildiyi təqdirdə Rusiyadan neft idxalının yarıya qədər azalması mümkündür.
“Həyata keçiriləcək tədbirlər neftə tələbatı gündəlik 2,7 milyon barrel azalda bilər. Bu, Çindəki bütün avtomobillərin yanacağa olan ehtiyacına bərabərdir. Neftə olan tələbatın böyük hissəsi nəqliyyat sektorundan gəlir. Planımız az yanacaq istehlak etməklə adamların və malların A nöqtəsindən B nöqtəsinə çatdırılmasıdır”, – deyə nazir bildirib.
Qrenholm vurğulayıb ki, Aİ-də yanacağa təlabatın azaldılması istiqamətində qısamüddətli tədbirlər kimi sürət limitinin azaldılması, şəhər mərkəzlərinə avtomobillərin girişinin məhdudlaşdırılması, daha ucuz ictimai nəqliyyat, mümkün olduğu təqdirdə evdən işləmək kimi təkliflər edilir. Bütün bu təşəbbüslərin isə Avropaya yad olmadığı bildirilib.
Qeyd edək C. Qrenholm Beynəlxalq Enerji Agentliyinin (BEA) iclasında iştirak etmək məqsədi ilə Fransanın paytaxtı Parisə səfər edəcək. BEA üzvü 31 ölkənin enerji nazirlərinin, eləcə də tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə keçiriləcək iclasa C. Qrenholm sədrlik edəcək. İclasda təmiz enerjiyə keçidin sürətləndirilməsi, qlobal enerji təhlükəsizliyinin artırılması kimi məsələlərə dair müzakirələr aparılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır