Dövlət Agentliyindən Feyziyevə DƏSTƏK – Deputatımız MİLYONLARI ÜYÜDÜR…
Keçən günlərdə, daha dəqiqi, tam bir həftə əvvəl məlumat verdik ki, İcbari Tibbi Sığorta Agentliyi Şəkərli Diabet dövlət Proqramı” üzrə inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələrinin satın alınması üzrə tenderin qalibini açıqlayıb. Qalibin adını eşitdikdə isə heç də təccəbülənmədik.
DİA.AZ xəbər verir ki, 42 915 538 manatlıq tenderin qalibi “AVROMED COMPANY” QSC olub.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Xatırladaq ki, bundan əvvəl “AVROMED COMPANY” MMC İcbari Tibbi Sığorta Agentliyinin Hemofiliya xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin satın alınması üzrə 12 milyon 80 min 269 manatlıq tenderini qazanıb.
Onu da bildirək ki, “AVROMED COMPANY” MMC deputat Cavanşir Feyziyevə aiddir. Doğrudur, hörmətli deputatımız bununla bağlı açıqlama verərək, iddia olunanlarla təkzib edib. Necə ki, zamanında törətdiyi avtoqəzanı da inkar etdi, əvəzində yaxın adamlarından birinin adı həbsə yazıldı.
Onu da xatırladaq ki, Cavanşir Feyziyevin adı həm də Londonda mıılum məhkəmə qalmaqalında da hallanmışdı. Bundan sonra isə, Cavanşir müəllim pullarına həbs qoyanları yox, bu haqda informasiya verən ölkənin nüfuzlu media nümyəndələrini hədəfinə çevirmişdi.
Və hələ də təhqir etdiyi, aşağıladığı jurnalistlərdən üzr istəməyən Feyziyevlə bağlı hansısa ölçü götürülmür. Əksinə, ona dövlət qurumlarının əlavə milyonları da həvalə olunur…
***
İndi isə aydın olur ki, İcbari Tibbi Sığorta Agentliyi ilə Cavanşir Feyziyevin şirkətinin əməkdaşlığı bunlarla da yetinmir. Hətta dövlət agentliyi “xırda-mırda” işləri belə deputata ötürməkdən belə çəkinmir.
Deyəcəksiniz ki, milyonluq işlər nə zamandan xırda-mırda oldu… Amma bu belədir, əziz oxucu… Milyonlarını Londonda Allahın ümidinə buraxan deputatımız üçün hər halda belə pullar cibxərcliyi statusundadır…
DİA.AZ bildirir ki, son informasiyaya görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Hemofiliya xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində” dərman vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
DİA.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Avromed Company” QSC-dir.
Qalib şirkətə 12 milyon 798,6 min manat ödəniləcək
Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-cı ilin fevral ayında Nazirlər Kabineti yanında faliyyətə başlayıb, həmin ilin noyabr ayından publik hüquqi şəxsə çevrilib. Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən qurumdur.
İddia olunanlarla bağlı Cavanşir Feyziyevin münasibətini işıqlandırmağa hazırıq… Əgər istəsə…