Ermənistanın baş naziri Nikol Paşinyanın Təhlükəsizlik Şurasının iclasında Araik Arutyunyanı başda oturtması həqiqətən absurd bir haldır. Hətta nəinki absurd, eyni zamanda olduqca anormal və məntiqsizdir. Çünki Arutyunyana qarşı Azərbaycanda cinayət işi qaldırılıb və bu baş terrorçu barədə beynəlxalq axtarış elan olunub.
Bunu İNFONEWS-a Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, məntiqlə və razılaşmaya əsasən, Arutyunyan Paşinyanın məclisində başda oturdulmaq əvəzinə baş terrorçu kimi Azərbaycana təhvil verilməli idi:
“İkinci bir məsələ Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılan mövzudur. Diqqət edin, görün, nəyi müzakirə edirlər – Ermənistan və Dağlıq Qarabağda humanitar, təhlükəsizlik məsələlərini. Ermənistanla bağlı bəndi anladıq, özləri bilərlər. Dağlıq Qarabağ məsələsi nə idi, bəs? Bunlar həqiqətənmi hələ də anlamırlar ki, artıq Dağlıq Qarabağla bağlı mövzular bu adamların müzakirə predmeti ola bilməz?! Bunlar həqiqətənmi hələ də fərqində deyillər ki, Dağlıq Qarabağ artıq işğaldan azad olunub, qondarma rejim məhv edilib, Azərbaycanın müzəffər orudusu öz əzəli torpaqlarımızı geri qaytarıb və bundan sonra Dağlıq Qarabağla bağlı ilk və son sözü də Azərbaycan deyəcək?! Bunlar həqiqətənmi qəflət yuxusundan ayılmayıblar, vandal, terrorist Arutyunyanı hələ də səlahiyyətli görürlər və onu ön sıralara daşımağı özlərinə rəva bilirlər? Demək ki, anlamırlar. Ya da özlərini o yerə qoyublar ki, guya anlamırlar. Hərgah, anlayacaqlar. Buna da zaman lazımdır. Ola bilsin, bəlkə də növbəti qapaz lazımdır. Hər halda, fakt budur ki, Paşinyan və ətrafı atdıqları hər absurd addımla özlərini daha da gülünc vəziyyətə qoyurlar.
Onsuz da müharibə dövründə darmadağın olublar, kapitulyasiya aktına imza atıblar, uduzublar, geri çəkiliblər, yalvarıblar. Bundan sonra da eyni estafet davam edəcək. Ermənistanın hər yanlış addımı öz başında çatlayacaq. Arutyunyanın fantaziyaları, illuziyaları böyük ola bilər. Fəqət, reallıqda o, heç kimdir, səlahiyyətsiz, bekar bir tüfeylidir və belə bir tüfeyli cinayətkarı başda oturtmaqla Paşinyan özünə yalnız və yalnız problem yaradacaq. Hətta yaradıb belə…”.