Millət vəkili könüllüləri ilə görüş keçirib
Millət vəkili Jalə Əhmədova öz təşəbbüsü ilə başlatdığı “Millət vəkilinin könüllüləri” layihəsi ilə bağlı müraciət etmiş gənclərlə görüş keçirib.
“İNFONEWS” xəbər verir ki, deputat bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Cari ilin əvvəlindən şəxsi təşəbbüsümlə start verdiyim “Millət vəkilinin könüllüləri” layihəsi ilə bağlı müraciət etmiş gənclərlə görüşümüz keçirildi. Təxminən 100-ə yaxın gəncin iştirak etdiyi görüşdə layihənin məqsədi, görüləcək işlər haqqında ətraflı məlumat verdim. Eləcə də deputatın səlahiyyətləri və vəzifələri barədə məlumatları, könüllülər üçün faydalı olacaq təcrübələrimi bölüşdüm, məsləhət və tövsiyələrimi verdim.
Görüş zamanı, könüllülük fəaliyyəti, könüllülərin səsləndirdiyi fikir və təklifləri də müzakirə etdik. Habelə bəzi könüllülərin problemlərini dinlədim və səlahiyyətlərim çərçivəsində köməklik göstərəcəyimi diqqətə çatdırdım.
Səmimi ab-havada keçən görüşün sonunda hər bir könüllüyə gələcək birgə fəaliyyətimizdə uğurlar arzuladım.
P.S. Xüsusi olaraq onu da qeyd etmək istəyirəm ki, bu layihəni gerçəkləşdirməkdə məqsədim, könüllülərin mənə dəstəyi deyil, tam əksinə, mənim könüllüləri dəstəkləməyimdir.”
Biz də “İNFONEWS” olaraq, xanım deputatın bu təşəbbüsünü dəstəkləyir və uğurlar arzulayırıq.