“Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi” mövzusunda beynəlxalq konfrans keçirilib
“İNFONEWS” xəbər verir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Şuşa ili” tədbirləri çərçivəsində aprelin 21-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə “Fairmont Baku, Flame Towers” otelində “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirib.
Konfrans Azərbaycan memarlıq irsinin qorunması və istifadəsinin geniş spektrli problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görmüş Azərbaycan memarlıq irsinin bərpası və qorunması problemlərinə, eləcə də regionun şəhərsalma inkişafı və digər məsələlərə həsr olunub. Beynəlxalq konfransda respublikanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Türkiyə, İtaliya, Qazaxıstandan gəlmiş alimlər iştirak ediblər.
Konfrans öz işini sessiyalarda davam etdirib, 4 seksiya üzrə Beynəlxalq Elmi Komitə tərəfindən təsdiqlənmiş 50-ə yaxın məruzə dinlənilib. Bunlardan 20-si Türkiyə, İtaliya, Qazaxıstan, Çin alimləri tərəfindən təşkilat komitəsinə təqdim edilmiş məruzələr olub. Konfrans hibrid – həm onlayn, həm də əyani formada keçirilib. Konfransda Şuşanın memarlıq irsi, Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsinin bərpası və qorunması problemləri, mədəni irsin idarə olunması, tarixi şəhərlərin müasir inkişafı mövzuları geniş müzakirə edilib. Tanınmış yerli və xarici alimlərin iştirakı ilə keçirilən konfransda işğaldan azad edilmiş ərazilərdə yerləşən memarlıq abidələrinin reabilitasiyası üçün müxtəlif fikirlər, təkliflər səsləndirilib.
Hazırladı: Əli Həsənov
Foto: Aygün Hümbətova