“Bu gün başımız dik, qəlbimizdə fərəh hissi gəzirik! – Arzu Quliyeva Karaman, Türkiyə
Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayı xalqımızın illərlə, səbrlə gözlədiyi Qarabağımıza qovuşmağımızın sevincini bizlərə bir daha yaşadır. Mədəniyyətimizə Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qayrağdıoğlu, Süleyman Ələsgərov kimi yüzlərlə bəstəkar və xanəndələr bəxş etmiş Şuşamız indi Azərbaycan musiqisinin sədaları ilə qanadlanır. Dünyanın hər tərəfindən gələn azərbaycanlı soydaşlarımız bu gün böyük qürur hissi ilə “QARABAĞ AZƏRBAYCANDIR!” şüarını səsləndirirlər.
Bunu “İNFONEWS” -a Türkiyədə yaşayıb, fəaliyyət göstərən, Azərbaycan mədəniyyətini dünyada tanıdan, təməli Üzeyir Hacıbəyli tərəfindən qoyulan bu günümüzdə də aktuallığını saxlayan zəngin milli musiqi, rəqslərimizin nota köçürülməsi kimi ciddi bir missiyanı üzərinə götürən, çoxsaylı əsərlərin, məqalələrin müəllifi, Milli Konservatoriyanın dosenti Arzu Quliyeva Karaman söyləyib.
“Hər bir azərbaycanlı kimi mənim də ürəyim Azərbaycanla, Qarabağla, Şuşa ilə döyünür. Bu gün başımız dik, qəlbimizdə fərəh hissi gəzirik. Şairlərin, yazıçıların, musiqiçilərin – bütün incəsənət korifeylərinin vətəni olan Qarabağımız azaddır. Qurultayda iştirak etməsəm də, ürəyim oradadır. Xaricdə yaşayan azərbaycanlı soydaşlarımızın gözlərində sevinc göz yaşlarını, üzlərindəki xoşbəxtlik ifadəsini izləmək onu göstərir ki, nə qədər uzaqda yaşasaq da, hər addımımızı Vətənimizi düşünərək atırıq. Mədəniyyətimizi, milli və professional musiqimizi, tariximizi, ədəbiyyatımızı yaşadığımız ölkədə tanıdırıq” – deyə, Arzu xanım əlavə edib.
“Azərbaycanın ən çətin günlərində həmişə yanında olan qardaş Türkiyə dövləti bu gün də bizim zəfərli, sevincli günlərimizi dəstəkləyir. “Acınız acımız, sevinciniz sevincimizdir!” – deyir. İki dövlət, bir millət olaraq, daim gücümüzü birləşdirəcəyik. Biz birlikdə güclüyük! Yaşasın Türk dünyası!” – sonda Arzu Quliyeva Karaman vurğulayıb.