Sumqayıtdakı yanğınla bağlı cinayət işi başlanıb
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtdakı yanğınla bağlı birgə məlumat yayıb.
Məlumatda göstərilir ki, 28 aprel 2022-ci ildə saat 17:20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində yanğın hadisəsi baş verib.
“İNFONEWS”-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında dərhal Baş Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxmışlar.
İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə etmişdir.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (Yanğın təhlükəsizliyi qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) cinayət işi başlanmış, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmışdır.
Yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.
Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.