Göyçayda antisanitar şəraitdə fəaliyyət göstərən emal sahəsi AŞKARLANDI
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən “İNFONEWS” – a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Göyçayda H. Əliyev prospektində fiziki şəxs Məmmədov Fazil Abbas oğluna məxsus “Seyidlər” marketdə yoxlama aparılıb.
Yoxlama zamanı marketdə fəaliyyət göstərən çörək, bulka və unlu qənnadı məmulatlarının istehsalı sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, emal sahəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.