“İNFONEWS.AZ” xəbər verir.
Sosial şəbəkələrdə orta məktəblərə 1-ci sinifə elektron qaydada qəbulla bağlı çətinliklərin yaşandığı iddia edilir. Bildirilir ki, portalda qeydiyyat aktivləşdiriləndən bir neçə dəqiqi sonra yerlər dolub. Ona görə də bəzi valideynlər övladları üçün məktəb seçimi edə bilməyiblər. Bəs qəbul prosesində iddia edilən bu çətinlik nədən qaynaqlanıb? Övladları üçün məktəb seçə bilməyən valideynlər nə etməlidirlər? Məsələyə Təhsil Nazirliyi aydınlıq gətirib.
1-ci siniflərə elektron qaydada qəbul davam edir. İndiyə kimi bununla bağlı 100 min-dən çox qeydiyyat aparılıb. Bunu “XəzərXəbər”ə açıqlamasında Təhsil nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin böyük məsləhətçisi Gülüstan Cəfərova deyib.
Sosial şəbəkələrdə isə bəzi valideynlərin övladları üçün mektebeqebul.edu.az portalı vasitəsilə məktəb seçə bilmədikləri ilə bağlı iddialar yayılıb. Səbəb kimi yerlərin qısa zamanda dolması göstərilib.
Təhsil Nazirliyi iddialara münasibət bildirib. Qurumun Ümumi və məktəbəqədər təhsil şöbəsinin böyük məsləhətçisi Gülüstan Cəfərova bildirib ki, Azərbaycan bölməsi üzrə əvvəlcə 2021-2022-ci tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların təhsil aldıqları ümumi təhsil müəssisəsində 1-ci sinfə yerləşdirilməsi aparılıb. Buna görə də çox az miqdarda yer qalıb.
Gülüstan Cəfərva qeyd edib ki, qeydiyyatdan keçə bilməyən digər valideynlərə də şərait yaradılacaq.
Gülüstan Cəfərəova əlavə edib ki, tədrisi digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibəyə qeydiyyat mayın 30-na qədər davam edəcək. Müsahibədən uğurla keçmiş uşaqlar üçün məktəb seçimi prosesi 11 iyun tarixindən aktivləşdiriləcək. Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu mayın 4-də başlayıb.