Azercell “Bakı Marafonu-2022”nin qaliblərini mükafatlandırıb
“İNFONEWS” xəbər verir.
Mayın 15-i Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə “Bakı Marafonu – 2022” baş tutub. Minlərlə idmansevər Bakı Bulvarında toplaşaraq “Küləyə qalib gəl” şüarı altında həyata keçən bu yarışa qatılıb.
Ölkəmizin idman təqvimində mühüm yer alan “Bakı Marafonu”nun 5 illik yubileyi bir sıra yeniliklər ilə yadda qalıb. Belə ki, yarışçılar üçün yeni marşrut tətbiq edilərək start və finiş nöqtəsi eyni məkanda yerləşdirilib. İştirakçılar Dövlət Bayrağı meydanında toplaşaraq 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə qayıdıblar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara ehtiyac yarandığı halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri qarşılamaq imkanı yaradıb.
2017-ci ildən etibarən tədbirə tərəfdaşlıq edən “Azercell” növbəti dəfə abunəçilərini sağlam həyat tərzi sürməyə səsləyib. Ənənəvi olaraq bu il də təşkil edilən marafona “Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti, eləcə də şirkət əməkdaşları və “Azercell”in korporativ abunəçiləri qatılıb.
Yarışın rəqəmsal tərəfdaşının dəstəyi ilə iştirakçıların qaçış nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirilib. Bu texnoloji həll mobil operatorun “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” kimi səslənən strateji məqsədinin tələblərinə də tam cavab verib. Belə ki, marafonda iştirak edən hər kəsin marşrut boyu göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən göstərdiyi nəticəni izləmək imkanı yaradılıb.
Qaliblər “Azercell” tərəfindən xüsusi hədiyyələr ilə mükafatlandırılıb. Finiş xəttini keçən ilk üç qadın və ilk üç kişi iştirakçıya lider mobil operator xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və “Sərbəst 15” tarif paketinə 6 aylıq abunəlik hədiyyə edib. “Azercell” “Bakı Marafonu”nda iştirak edən tələbələri də diqqət mərkəzində saxlayıb. Tələbələr arasında birinci yeri tutan xanım və kişi iştirakçıya xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və 6 aylıq pulsuz istifadə müddəti olan “GəncOL9” tarif paketi təqdim edilib.
Yarışçılara dəstək olmaq üçün tədbirə qatılanlar da asudə vaxtlarını yüksək dəyərləndiriblər. Musiqi ilə müşayiət edilən tədbirdə atletlər zonasında pilates məşqləri təşkil edilib, uşaqlar üçün əyləncə zonasında isə marafonun kiçik qonaqları xüsusi proqram ilə qarşılanıb. Marafon məşhur müğənnilərin konsert proqramı ilə yekunlaşıb.