Bakı “Baku Summer Jazz Days” caz festivalına hazırlaşır

Bakı “Baku Summer Jazz Days” caz festivalına hazırlaşır

İki illik fasilədən sonra Bakı yay caz günləri (Baku Summer Jazz Days) festivalı fəaliyyətini bərpa edir

“İNFONEWS” -un əldə etdiyi məlumata görə, builki festival çərçivəsindəki təşkil ediləcək konsertlər Heydər Əliyev Mərkəzinin parkında açıq havada keçiriləcək. Giriş sərbəstdir.

İyulun 6-da festivalı amerikalı caz pianoçusu və bəstəkarı Emmet Kohen öz triosu ilə açacaq.

Trionun lideri Kohen caz ifaçısı və pedaqoqdur və bütün yaş qruplarından olan tələbələrinə dinləyicilər ilə ünsiyyət sənətini öyrədir. O, Nyuport, Monterey və Rotterdamda keçirilən dünyaca məşhur caz festivallarında, eləcə də Nyu-Yorkdakı “Rose Hall” və Vaşinqtondakı Kennedi Mərkəzində bir çox məşhur musiqi məkanlarında çıxış edib.

Emmet Cohen Amerika Piano Assosiasiyasının, 2019-cu il “Amerika pianoçuları mükafatı”nın sahibidir.

İyulun 7-də proqram, məşhur İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor, prodüser İlhan Erşahinin kvarteti ilə davam edəcək. Stokholmda böyüyən və 1990-cı ildən Nyu-Yorkda yaşayan musiqiçi, Wallace Rooney, Joe Lovano, Jeff Williams, Cameron Brown, Viktor Lewis kimi musiqiçilərlə birlikdə çıxış edib. O Bakıda, Türkiyədən olan cazmenlərin çıxış edəcəyi məşhur “İstanbul sessions” layihəsini təqdim edəcək.

Hər iki gün festival səhnəsi, həmçinin bizim caz qruplarımıza təqdim olunacaq. Bu, əsl millətlərarası caz musiqisi dialoqu olacaq.

Diana Hacıyeva – müasir Azərbaycan caz səhnəsinin istedadlı nümayəndələrindən biridir. Müğənni, musiqi prodüseri və bəstəçi kimi fəaliyyət göstərərək ən müxtəlif heyətlərlə çıxış edir. 2012-ci ildən DiHaj adı altında öz musiqi fəaliyyətini nümayiş etdirən heyətin prodüseridir.

Firudin Həmidov – gənc nəslə aid olan caz trumpet ifaçısı və bənd lideridir. Hazırda Azərbaycanın ən tanınmış gənc heyətlərindən biri olan “H3 Collective”-in yaradıcısı və rəhbəridir. H3 Collective və F.Həmidov əsasən eysid-caz, fank-caz, hip-hop və digər müasir caz istiqamətlərində çalışır.

Qeyd edək ki, festival Heydər Əliyev Mərkəzi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Premier LTD” şirkətinin təşkilatçılığı ilə təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir