“Laskovıy may”ın solisti Yuri Şatunov 48 yaşında VƏFAT ETDİ
Rusiyada 80-90-cı illərin məşhur qrupu “Laskovıy may”ın solisti Yuri Şatunov 48 yaşında vəfat edib.
“İNFONEWS” “Lenta.ru” -ya istinadən xəbər verir ki, “Laskovıy may” qrupunun keçmiş solisti Yuri Şatunov Moskvada dünyasını dəyişib.
Bu barədə ifaçının rəhbəri Arkadi Kudryaşov məlumat paylaşıb ki, bu məlumatın gerçəkliyini iki tibb müəssisəsi təsdiqləyib.
48 yaşlı müğənninin ölümünə səbəbin kütləvi infarkt olub. O, gecə saatlarında təcili yardım maşınında dünyasını dəyişib.
Qeyd edək ki, Yuri Şatunov 1973-cü ildə Başqırdıstan MSSR-də anadan olub. Onun üç yaşı olanda valideynləri boşanıb, 11 yaşında anası dünyasını dəyişib. Yeniyetməlik illərini uşaq evində keçirən Yuri burada özfəaliyyət dərnəyinin rəhbəri Sergey Kuznetsovla tanış olur və elə o andan “Laskovy may” qrupunun tarixə yazılır.
Karyerasının əvvəli
Kuznetsov o vaxt mahnıları üçün ifaçı axtarır və gənc Yurinin nə musiqi təhsili, nə də oxumaq istəyi olmamasına baxmayaraq ki, seçimini Şatunovun üzərinə saxlayır. Beləliklə, 1986-cı ilin oktyabrında Kuznetsov Şatunov üçün “Soyuq qış axşamı” (“Veçer xolodnoy zimı”), sonra isə “Özgə şəhərdə qar fırtınası” (“Metel çujom qorode”) mahnılarını ərsəyə gətirir.
1986 – 1988-ci illrdə qrupun məşhur hitləri – “Ağ qızılgüllər” (“Belıye rozı”), “Yay” (“Yay fəsli”), “Bəyaz gecə” (“Sedaya noch”), “Qoy gecə olsun” (“Pust budet noç”), “Əriyən qar” (“Tayuşiy sneq”) və s. yaranır.
1980-ci illərin sonlarında səhnəyə yeni addım atan Şatunovdan o vaxtlar SSRİ-də tanınmış “Miraj” qrupunun rəhbəri Andrey Razin xəbər tutur. O, Şatunovu ümumittifaq səviyyəsində məşhurlaşdırmaq fikrinə düşür və “Laskovıy may”ı ölkədə ən məşhur avro-rəqs qruplarından birinə çevirir. 1989-1990-cı illərin qışında qrup Moskvadakı “Olimpiyski” idman kompleksində 13 solo konsert verir.
Qrupun dağılması
“Laskovıy may”-ın böyük populyarlığına baxmayaraq, qrupun sonrakı kompozisiyaları “Ağ güllər” və “Bəyaz gecə” səviyyəsində uğur qazana bilmir. 1991-ci ilin oktyabrında Şatunov qrupdan ayrılır və solo karyerasına başlayır – onun diskoqrafiyasında yeddi studiya albomu və onlarla musiqili video var.
Həmin dövrdə onunla Razin arasında “Laskovıy may”a aid olan mahnıların ifa hüququ üstündə dava başlayır, belə ki, Şatunov köhnə müqavilənin şərtlərinə görə, bu hitləri oxuya bilməzdi. 2022-ci ilin iyununda Razin və Şatunov arasında uzun sürən məhkəmə çəkişməsi başa çatır, qrupun keçmiş solisti məhkəmə vasitəsilə “Laskovıy may”ın məşhur hitlərini ifa etmək hüquqlarını bərpa edə bilir. Məlumat üçün qeyd edək ki, qrup hazırda yenilənmiş heyətlə konsert fəaliyyətini davam etdirir.
Yuri Şatunov çox erkən yaşda super ulduz oldu və onun mahnıları rus estradasının formalaşmasına ölçüyəgəlməz təsir göstərdi. Sənətçi ömrünün sonuna qədər musiqi ilə məşğul olmağa davam etdi. 2019-cu ildə “Sevimli mahnılar” (“Lyubimıye pesni”) albomunu buraxdı və 2020-ci ildə daha üç bəstə – “Sənə minnətdaram” (“Spasibo tebe”), “Dayana bilmirəm” (“Ostanovitsya ne moqu”) və “Qar yarpaqları süpürəcək” (Zametaet listya sneq”) təqdim etdi.
Hazırladı: Aygün Hümbətova