“Azərsu” tərəfindən mülki müdafiə məşqi keçirilib
“Azərsu” ASC-nin 2022-ci il üçün Mülki Müdafiə (MM) tədbirlər planına əsasən “Gəncə Sukanal” TSC-nin su anbarı ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilib.
“İNFONEWS” -un ASC-dən əldə etdiyi məlumatına görə, “Azərsu”nun Mülki Müdafiə qərargahının rəisinin rəhbərliyi ilə keçirilən təlimə “Gəncə Sukanal” TSC-nin rəhbər heyəti, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyəti daxil olmaqla ümumilikdə 60-dək işçi cəlb olunub.
Obyekt mülki müdafiə məşqinin keçirilməsində məqsəd iştirakçılardan hər birinə fövqəladə hallarda mühafizə işləri və digər mülki müdafiə tədbirləri həyata keçirərkən fəaliyyət qaydalarının əməli surətdə öyrədilməsi, həmçinin fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətə qərar qəbul etmək bacarığının və MM dəstələrinin qarşılıqlı surətdə fəaliyyət göstərməsinin təkmilləşdirilməsidir.
Təlim zamanı mülki müdafiə dəstələri şəxsi heyətlə tam komplektləşdirilib və mühafizə vasitələri ilə təchiz olunub. Maddi-texniki təchizatın və təlim yerlərində bütün mülki müdafiə avadanlıqlarının sazlığı yoxlanılıb, imitasiya yerləri (dağıntı, su kəmərlərində qəza, zəhərlənmə, yanğın və sair) hazırlanıb. Məşq zamanı daldalanma yerlərinin hazırlanması, işçilərin təhlükəsiz yerlərə çıxarılması, onlara fərdi, tibbi və yanğından mühafizə vasitələrinin paylanması, xilasetmə işlərinin aparılması kimi tədbirlərə hazırlıq vəziyyəti də yoxlanılıb.
Məşq prosesində mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğının söndürülməsi, zəhərlənənlərin xilas edilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və işçilərin təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə əlaqədar tapşırıqları yerinə yetiriblər.
Sonda məşqin nəticələri təhlil edilib, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinə lazımi müvafiq tövsiyələr verilib.