Misirdə ilk atom reaktorunun tikintisinə start verilib
Misirin Əl Dabaa Atom Elektrik Stansiyasının ilk reaktorunun tikintisinə start verilib.
“İNFONEWS” xəbər verir ki, bu ölkənin şimal-qərbində yerləşən Marsa Matruh vilayətində bu münasibətlə keçirilən mərasimdə Misirin elektrik və bərpa olunan enerji naziri Məhəmməd Şakir və Rusiyanın Atom Enerjisi Korporasiyasının (ROSATOM) baş direktoru Aleksey Lixaçev iştirak ediblər.
Misirli nazir jurnalistlərə müsahibəsində bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi bu reaktorun təhlükəsizlik standartlarına uyğun olduğunu təsdiq edib, zəlzələ və texnogen qəzalara qarşı etibarlı olacaq bu obyektin fəaliyyət müddəti 60 ildir. O əlavə edib ki, bu, Misir və Rusiyanın Asuan Su Bəndindən sonra həyata keçirdikləri ikinci ən böyük layihədir.
İsgəndəriyyə şəhərindən 140 kilometr aralıda yerləşən Əl Dabaa AES Misirin şimal-qərb bölgəsini elektrik enerjisi ilə təchiz edəcək və 60 illik fəaliyyəti dövründə 264 milyard dollar gəlir gətirəcək. Bu mühüm obyektin tikintisinə isə xərclənəcək 28,5 milyard dollar vəsaitin 25 milyard dollarını Rusiya hökuməti kredit şəklində ayırır və onun ödənilməsi müddəti 22 ildir.
(AZƏRTAC)