“GÜNƏBAXANLAR” təqdim edir: “Allah hamınındı, amma Həzrət Abbas nəğd bizimdi…”

“GÜNƏBAXANLAR” təqdim edir: “Allah hamınındı, amma Həzrət Abbas nəğd bizimdi…”

“İNFONEWS”– un “GÜNƏBAXANLAR” Yay Forumu millət vəkili, yazıçı Aqil Abbasın müsahibəsini təqdim edir.

Qarabağlıların kimisə yola salanda ən çox sevdiyi dua belədir: «Allahın amanında, Həzrət Abbasın zamınında olasan!»

 

Hətta Cəfər Cabbarlı «1905-ci il» əsərində də İmamverdi Allahverdiyə deyir: «O Əlinin qəzəbnək oğlu Əbülfəzl Abbas haqqı, təpənə bir güllə vuraram…» Hətta Qarabağda yaşayan ermənilər də azərbaycanlıya and içəndə Həzrət Abbasa and içirdilər.
Onu da deyim ki, Həzrət Abbas ana tərəfdən peyğəmbər nəslindən deyil. Sadəcə olaraq, Kərbəla müsibətində son damla qanına qədər vuruşmuş bir igiddi. İnsanlar ona buna görə böyük önəm verib.
Gərək ki, Haqverdiyevin əsərindədi, bir nəfər o birisindən soruşur (təbii ki, söhbət Qarabağda olur, daha dəqiq desək, Ağdamda):
– Dünən iclasda Bakıdan gələn nə danışırdı?
– Axmaq-axmaq danışırdı da, deyirdi Allah yoxdu.
– Bəs, Həzrət Abbas?
– Desəydi Həzrət Abbas yoxdu, onun gözlərini çıxarardım.
*****
Deməli, bir molla Ağdamın Gülablı kəndindən başqa bir kəndə yasa gedir.
Oğluna deyir:
– Oğul, üç gün olmayacam. Atı cidarlayarsan, tapşırarsan Həzrət Abbasa.
Molla gedir, üç gündən sonra qayıdır, eşidir ki, atı canavar parçalayıb. Oğlunun üstünə çığırır ki, mən sənə nə demişdim?
Oğul:
– Ata, sən dediyin kimi, mən cidarladım, Həzrət Abbasdan da böyüyünə – Allaha tapşırdım.
Molla:
– Ə, axmaq oğlu axmaq, Allah canavarın da Allahıdı da, verdi atı yedi. Bizimki Həzrət Abbasdı, Həzrət Abbasa tapşırsaydın at sağ qalardı.
İndi Allah hamınındı – rusun da, nemesin də, ingilisin də, hətta fransızın da. Amma Həzrət Abbas nəğd bizimdi.
*****
Müharibədə olan köhnə kişilər and içir ki, döyüşün şıdırığı vaxtında Həzrət Abbas göy atda, göy paltarda bizim qabağımızda nemeslərlə vuruşub bizi qoruyurdu. Və buna özləri də inanırdı, bizi də inandırırdılar.
İndi hamınız Allahın amanında, Həzrət Abbasın zamınında olun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir