“Bəlkə də ermənilər bu ocağın sakral gücündən qorxublar…”
Şuşa azad olduqdan sonra, gedib-gələnlərdən ən çox soruşduğum sual o idi ki, Həzrət Abbas ocağına gedə bildiniz, görəsən, vəziyyəti necədir, erməni vandalları oranı da dağıdıblar???
Həzrət Abbas ocağı mənim üçün bir başqa məkan, qeyri-adi bir yer, ümidsiz insanların pənah otağı olub, həm də həyatımda ilk inanc, müqəddəsliyin sübut məkanı…
Bu ziyarətgahla ilk tanışlığımı belə xatırlayıram…
Çox balacaydım, ailəmizlə Şuşada dincəlirdik. Tez-tez burnumdan qan açılırdı və bu, hamıda narahatçılıq yaradrdı. Rəhmətlik nənəm mənə 1 manat verib, böyük uşaqlara qoşub “gedərsən, yoluna qurban olduğumun ocağına, bu pulu orda qoyub deyərsən ki, Ay Allah, bir də burnum qanamasın. Ocaq sahibi özü kömək olacaqdır” -, deyə tapşırdı..
Getdim, nənəmin dediklərini elədim. Və… bir də burnum qanamadı…
Boynuma alım ki, o vaxtlar heç inanclı da deyildim, heç o yaşda da deyildim. Amma bu faktdır və bunun elmi izahını indi də bilmirəm… eləcə də o ocaqdan şəfa, nicat tapan insanların möcüzəsinin izahını bilmirəm…
İllər ötdükcə, həmin yerə təkrar getmək, oradakı auranı, o abu-havanı yenidən duymaq, arzu edib, parça- lentlər bağlanmış dilək pəncərəsinə yenidən toxunmaq, oradakı qədimi lampanı yandırıb, köhnə divarlarını sığallayıb, bu müqəddəs ocağı yenidən ziyarət etmək ən böyük arzuma çevrildi…
Və …nəhayət…
Şuşa ziyarətgahları içərisində özündə sevgini, xeyirxahlığı, mərhəməti ehtiva edən Həzrət Abbas şəfa ocağı bu gün əlçatandır.
Çox maraqlıdır ki, düşmənlər bu ocağı elə də dağıtmayıblar. Hətta içərisindəki əşyalara, lampalara belə toxunmayıblar, olduğu kimi qalıb. Bəlkə də bu ocağın vahiməsi, sakral gücündən qorxublar…
Həzrət Abbas ocağının dilək pəncərəsinə illər öncə bağlanmış arzu lentlərini gördükdə isə anladım və əminliklə deyə bilərəm ki, bir mən deyil, bu ocağı tanıyanların, buraya pənah gətirənlərin, niyyət edib lent bağlayanların hamısının ən böyük arzusu yenidən buraya gəlmək olub.
“İNFONEWS” Şuşada Həzrət Abbas şəfa ocağının indiki görüntülərini təqdim edir:
Arzu Məmmədqızı