“Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” adlı konfrans keçirilib

“Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” adlı konfrans keçirilib

Avqustun 10-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Media azadlığı və sosial sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilib.

“İNFONEWS” – un əldə etdiyi məlumatına görə, əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxış edərək konfransın gündəliyi barədə məlumat verib.

Kamran Əliyev bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra medianın inkişafı üçün zəruri olan bütün şərait yaradılıb. Müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev dövlətin bütün atributlarının, institutlarının yaradılması ilə yanaşı, medianın inkişafına da mühüm diqqət yetirib. Ulu Öndər uzaqgörən bir şəxsiyyət kimi görürdü ki, medianın inkişafı olmadan cəmiyyətin düzgün inkişafı, tərəqqisi mümkün deyil. Məhz buna görə Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən medianın inkişafına xüsusi diqqət yetirilib. 2003-cü ildə İlham Əliyev Prezident seçildikdən sonra bu siyasət davam etdirilib.

Baş prokuror qeyd edib ki, Azərbaycan media sahəsində bütün beynəlxalq konvensiyalara qoşulub. Deyə bilərik ki, Azərbaycanda medianın, KİV-lərin inkişafı üçün bütün zəruri şərait yaradılıb. Müasir media demək olar ki, artıq formalaşıb. Medianın cəmiyyətdə rolu doğrudan da böyükdür. Prezident İlham Əliyev medianın inkişafına böyük diqqət yetirir, medianın gündəlik fəaliyyəti ilə maraqlanır. Müasir şəraitdə medianın inkişafı olmadan cəmiyyətin inkişafı mümkün ola bilməz. Medianı klassik olaraq hakimiyyətin dördüncü qolu adlandırmışıq. Müşahidələr onu göstərir ki, bu, yalnız sözdə belə deyil. Azərbaycanda media demək olar ki, artıq dördüncü hakimiyyətdir.

K.Əliyev, həmçinin deyib: “Son vaxtlar mətbuatda gedən cinayət faktları ilə bağlı məlumatları diqqətlə izləyirik. Bu bizim gündəlik fəaliyyət istiqamətlərimizdən biridir. Çalışırıq ki, orada gedən kriminal xarakterli məlumatlara dərhal reaksiya verək və qanunla nəzərdə tutulmuş tədbirlər görək”.

Qeyd edilib ki, Vətən müharibəsi dövründə jurnalistlərimiz, media nümayəndələrimiz qəhrəmancasına fəaliyyət göstəriblər. Həm birbaşa cəbhə bölgəsində, döyüşlər gedən bölgədə olur, cəmiyyəti məlumatlandırırdılar, həm də ölkəmizdə baş verən bütün hadisələr, Azərbaycanın ədalətli mövqeyi barədə məlumatları beynəlxalq ictimaiyyətə, bütün dünyaya çatdırırdılar. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan jurnalistikasının səyləri nəticəsində biz artıq əvvəlki illərdən fərqli olaraq, informasiya blokadasını dəf etdik. Azərbaycan artıq öz həqiqətləri, Qarabağ ətrafında gedən bütün proseslərlə bağlı dünya ictimaiyyətini məlumatlandırıb.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması istiqamətində görülən işlər, redaksiya siyasəti və jurnalistlərin sosial şəbəkədə fəaliyyəti barədə çıxış edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun media ilə dövlət arasında münasibətlərin tənzimlənməsi funksiyası, jurnalistlərin peşə davranışları qaydalarının tətbiqində mövcud problərlə bağlı məlumat verib. O son vaxtlar ölkəmizdə medianın inkişafı ilə bağlı xeyli islahatların həyata keçirildiyini, “Media haqqında” Qanunun qəbul edildiyini söyləyib. Cəmiyyətin media savadlılığının artırılması istiqamətində işlərin görülməsinin əhəmiyyətini qeyd edib.

Əflatun Amaşov, həmçinin bildirib ki, Mətbuat Şurası media ilə ictimaiyyət arasında münasibətləri tənzimləyən ictimai qurumdur. Bu vaxta qədər Mətbuat Şurasına vəzifəli şəxslər, vətəndaşlar tərəfindən 18 minə yaxın şikayət daxil olub. Şikayətlərin tam əksəriyyəti araşdırılıb. Bu günlərdə də Mətbuat Şurasına şikayətlər daxil olmaqdadır. Azərbaycan mətbuatında reketçilik mövcuddur. Daxil olan şikayətlərin də 30-35 faizi reketçiliklə bağlıdır. Reketçiliklə bağlı məsələlərin cinayət işi olduğunu söyləyən Əflatun Amaşov bunu edənlərlə bağlı qanunun sərtləşdirilməsini təklif edib.

Sonra Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev media sahəsində yol verilən qanun pozuntularına görə prokuror təsir tədbiri aktlarının növləri, tətbiqi əsasları, nəticələri, inzibati icraatın başlanmasının əsasları barədə məruzə ilə çıxış edib.

Konfransda sosial mediada saxta məlumatlar, insanların təhqir və təhdid olunması, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirilməsi problemi və onun həlli yolları, sosial mediada mənfi təzahürlərlə mübarizədə beynəlxalq təcrübə, media sahəsində olan qanunvericiliyin pozulması halları, qanun pozuntularına dair “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunların düzgün tətbiqi, dövlət maraqlarına, ölkənin informasiya təhlükəsizliyinə, ictimai şüura, insanların psixoloji durumuna mənfi təsir göstərən xəbərlərin sosial şəbəkələrdə yayılması və mediada qabardılması, intihar halları, vətəndaşların özəl həyatı və bu kimi digər məsələlərin işıqlandırılması və müzakirəsinin cəmiyyət üçün fəsadları, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanması və jurnalist məsuliyyəti, ictimai şüura və cəmiyyətin əhvalına mənfi təsir göstərən halların işıqlandırılması kimi mövzular ətrafında çıxışlar olub.

Daha sonra iştirakçılar konfransın mövzusu ətrafında fikir mübadiləsi aparıb, fikirlərini səsləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir