“Niyə dişlər əyri olur?” – Həkim Zəhra Əlili
Statistikaya görə, dünya əhalisinin 90% -i diş sırasının və dişlərin düzgün olmamasından şikayətlənir. Hətta körpə uşaqlarda belə süd dişlərinin əyri cıxması müşahidə edilir.
“İNFONEWS” – un “Dişlər niyə əyri olur?” mövzusuna Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 3 saylı Tələbə poliklinikasının həkimi, stomatoloq Zəhra Əlili aydınlıq gətirdi.
İnkişaf anomaliyaları uşaqların yaşı artdıqca böyüyür və eyni zamanda funkional və estetik deformasiyalarla nəticələnir. Deformasiyalar, dedikdə dişlərin və çənələrin forma və funksiyalarında postnatal dövr ərzində yaranan qazanılmış davamlı dəyişikliklər başa düşülür.Deformasiyalar illər keçdikcə daha da proqressivləşir, çeynəmə aparatının funksiyasını pozur və uşağın xarici görünüşünü dəyişir.Müasir dövrdə ortodontiya ancaq diş sırası anomaliyaları ilə deyil, əng və çənə sümüklərindəki anomaliya, gicgah-çənə oynağındakı patologiya ilə məşgul olur.
Patologiyanın yaranma səbəbi diş mənşəlidirsə, bütün yaşlarda ortodontik aparatların köməyilə müalicə oluna bilər. Amma xəstədə eyni zamanda sümük mənşəli patologiya varsa, ortodontik və cərrahi müalicəyə üstünlük verilir.
Ortodontik aparatlar 2 cür olur; çıxan və cıxmayan aparatlar. Çıxan ortodontik aparatlar ağızda olduğu müddətdə təsir və xəstə tərəfindən taxılıb-çıxarılması mümkün olan aparatdı. Bu aparatlarla müalicənin nəticəsi xəstədən aslı olur. Çıxan aparat ağızdan çıxarıldığı zamandan etibarən sümüyə təsir edən qüvvə aradan qalxır. Çıxan ortodontik aparatlarda qüvvə mənbəyi kimi xüsusi ilmələrdən, mimiki və çeynəmə əzələlərindən istifadə edilir.
Müalicənin çox hissəsi çıxmayan aparatlarla aparılır. Çıxmayan aparatlara breket sistemləri aiddir. Estetik görünüşünə görə də, breketlər bir neçə qrupa bölünür; Məsəslən, metal breket, keramik breket, sapfir və daymon (brilyant) breketlər. Daymon breketlərdə müalicə müddəti daha erkən başa çatır. Keramik breketlər estetik cəhətdən digər breketlərdən fərqlənir, kənar məsafədə diqqəti cəlb etmir. Breketlərin müalicə müddəti anomaliyadan aslı olaraq dəyişə bilir. Diaqnozdan sonra pasientə ətraflı məlumat verilir. Bəzən müraciət edən pasientlər müalicənin daha erkən bitməsini tələb edirlər. Müalicənin 4 və ya 5-ci ayında bir cox dəyişikliklər, irəliləyişlər görünməyə başlayır ki, bununla da müalicəni sonlandırmaq olmaz. Əgər müalicə tez bitərsə, dişlərdə geriyə doğru dəyişikliklər ola bilər. Qeyd edək ki, bu zaman ərzində dişin təkcə tacı düzəlir, daha sonralar kökü taca uyğun formalaşır. Müalicə başa çatdıqdan sonra isə reteynerlər, retension kappa haqda məlumat verilir.
Bir sözlə, əyri dişlərin düzəlişi səbr, hövsələ, xüsusidiqqət tələb edir.