Sona Hacıyeva: “Ürəkli, mübariz, iradəli olaq, elmi nailiyyətlərə imza ataq!”
“İNFONEWS” 12 Avqust – Beynəlxalq Gənclər günündə xalqımızı həm xaricdə, həm də ölkəmizdə layiqincə təmsil edən gənclərimizi təqdim edir.
Tanış olaq: SONA HACIYEVA – Türkiyənin Eskişehir Texniki Universitetinin Tətbiqi Elmlər və Texnologiyalar Məktəbinin biotexnoloqiya ixtisasının magistratura dərəcəsini 2022-ci ildə fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı müddətdə EsTÜ-nün Mikrobiologiya laboratoriyasında lab – tədqiqatçı olaraq fəaliyyət göstərib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Nobel mükafatı laureatçısı, nüfuzlu alim Aziz Sancar adına Qida Təhlükəsizliyi laboratoriyasında lab-tədqiqatçı və biotexnoloq kimi vəzifəsində çalışır.
Dünyada STEM (Science – Elm, Technology – Texnologiya, Engineering – Mühəndislik, Math – Riyaziyyat) sahəsində fəaliyyət göstərən araşdırmaçıların yalnız 30%-ini qadınlar, STEM sahəsində təhsil alan tələbələrin isə 35%-ini qızlar təşkil edir. Azərbaycanda bu göstərici ortalamadan nisbətən yüksəkdir və 45% təşkil edir. Sona Hacıyeva STEM sahəsində gördüyü işlərlə tələbələrə, xüsusilə də gələcəyimiz olan gənc qızlara nümunədir və fəaliyyəti ilə onları bu sahəyə həvəsləndirir və birgə maraqlı elmi eksperiment və qida və yeyinti məhsulları üzərində təcrübələr aparır.
Sona Hacıyevadan soruşduqda, əsas məqsədinin ölkəmizdə STEM sahəsində olan gender bərabərsizliyinin aradan qalxmasına, qadınların bu sahə ilə bağlı stereotiplərini qırmağa dəstək olduğunu söylədi. O, gənc xanımları STEM (Science – Elm, Technology – Texnologiya, Engineering – Mühəndislik, Math – Riyaziyyat) sahəsində daha da irəli getmək üçün əzmkar və mübariz olmağa səslədi.
“Bu gün gənclər qabaqcıl texnologiyaların, qlobal şəbəkələrin istifadəsi və qurulmasında, eləcə də beynəlxalq sülh quruculuğunun diplomatik alətlərlə təminində danılmaz işlər görürlər ki, biz də, Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər kimi, müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak edərək, xüsusilə də elmi nailiyyətlərə imza ataq”, – deyə, Sona Hacıyeva vurğuladı.
Gənclər ürəkli, mübariz və iradəli olduqdan sonra qalibiyyət hər zaman onların yanında olacaqdır.
Əziz gənclər, Beynəlxalq Gənclər gününüz mübarək!