Yalnız İRƏLİ, AZƏRBAYCAN GƏNCLƏRİ! -Nərgiz Hacıyeva, İsveçrə
12 avqust – Beynəlxalq Gənclər günüdür. Bu gün münasibəti ilə xaricdə yaşayan, xalqımızı böyük coşqu, sevgi və ən əsası, layiqincə təmsil edən gənclərimiz danışacaq.
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır və onunla qarşılıqlı şəkildə əlaqələndirir. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələlərdən biri kimi çıxış edir. İnkar edilməz faktdır ki, dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən əsas təbəqəsi və yaşlı nəslin davamçısı hesab olunur. Çünki gənclər cəmiyyətin ən dinamik bir təbəqəsi olmaqla istər ictimai-siyasi, istərsə də, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir və nəticə etibarilə, ölkədə baş verən bütün proseslərin və yeniliklərin mərkəzində dayanırlar.
Bunu “İNFONEWS” – a İsveçrənin nüfuzlu St. Qallen Universitetinin Siyasi elmlər və İqtisadiyyat məktəbinin gənc siyasi alimi və fəxri doktorant tədqiqatçısı, dünya üzrə 193 ölkədən 3000 beynəlxalq doktorant namizədlər arasında Fəxri Federal İsveçrə Mükəmməllik təqaüdünə layiq görülmüş, eyni zamanda, Sürix Universiteti Siyasi Elmlər məktəbinin nəzdində fəaliyyət göstərən Democracy Net alimlər şəbəkəsi tədqiqatçısı və üzvü, Bern Universitetində İsveçrə Siyasi Elmlər Assosiasiyasının Empirik tədqiqatlar işçi qrupunun icraçı direktoru Nərgiz Hacıyevadır.
“Nəsillər dəyişir, ölkələr inkişaf edir, ancaq ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin əsas göstəricisi olaraq qalır. Maarifləndirmə, düzgün rəhbərlik və mentorluğun olmaması cəmiyyətin xarici əlaqələrə diqqətini azalda bilər və potensial olaraq aşağı sala bilər. Bu baxımdan, beynəlxalq təhsil və sülh təhsilinin təmini çağdaş dünya düzənində mühüm əhəmiyyət kəsb edir, çünki təhsil bəşəriyyətə verilən ən böyük nemətlərdən biridir.
Bu baxımdan beynəlxalq təhsil bütün dünyada gənclərə fərdi diplomatiya gücünü təmin edir. Beynəlxalq və transmilli təhsil formaları ilə məşğul olan gənclər sülhün çiçəklənəcəyi tərəfdaşlıq mühiti yaratmaq və sülh quruculuğu üçün həmyaşıdları ilə birləşmək səlahiyyətinə malikdirlər. Beynəlxalq təhsil bütün dünyada gəncləri tənqidi düşünməyə, əlaqələr qurmağa və əməkdaşlıq dialoqunda iştirak etməyə sövq edir ki, onlar istər siyasi, istər iqtisadi-sosial, istərsə də mədəni sahədə effektiv sülh qurucuları və təminatçıları kimi çıxış etsinlər.
Bu gün Azərbaycan gəncliyinin daha güclü potensialı var. Bir sözlə, yalnız irəli, Azərbaycan gəncləri!” – Nərgiz Hacıyeva müsahibəsində söylədi.