“Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin çox mühüm və ayrılmaz bir tərkib hissəsidir”

Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin çox mühüm və ayrılmaz bir tərkib hissəsidir

“İNFONEWS” təqdim edir.

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin çox mühüm və ayrılmaz bir tərkib hissəsidir. Bu gün cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, habelə idarəetmə və vətəndaş cəmiyyətinin inkişafı sahələrində Azərbaycan gəncləri ölkədə yaradılan əlverişli mühitdən maksimum dərəcədə bəhrələnərək, böyük fəallıq nümayiş etdirir və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz layiqli töhfələrini verirlər.

Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, postsovet dövründə Şərqi Avropada və MDB ölkələrində ilk hesab olunan 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, dövlət proqramlarının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Təməli Ulu Öndər tərəfindən qoyulmuş bu siyasətin sayəsində gənclərimiz bu gün aparıcı qüvvəyə çevrildilər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi gənclər idi.

Xüsusilə qeyd etməliyik ki, Azərbaycan gənclərinin dünyanın qabaqcıl ali təhsil ocaqlarında təhsil alması və eyni zamanda, Azərbaycanda təhsilin keyfiyyətinin yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması üçün dövlət tərəfindən maliyyələşdirilən müxtəlif layihələr həyata keçirilir. Bu isə Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi kimi xarakterizə etdiyi proses çərçivəsində baş verir. Beləliklə, göründüyü kimi Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin gənclər siyasəti onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında yeni keyfiyyət səviyyəsində ardıcıl olaraq böyük nailiyyətlərlə davam etdirilir.

Azərbaycan Gəncliyi Ulu öndərimizin siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməsi bir daha onu sübut edir ki, ölkəmiz daha böyük qələbə və uğurlara imza atacaq və ölkənin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

YUSİF CƏFƏRBƏYLİ
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir