“Sumqayıt”ın baş məşqçisi: “Bütün məsuliyyət mənim üzərimdədir”
“Kifayət qədər maraqlı oyun oldu. Hər iki komanda qol vəziyyətləri yarada bildi”
“İNFONEWS” xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçıisi Aleksey Baqa “Zirə” ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis sıx qrafiklə üzləşdiklərini bildirib: “Bugünkü qarşılaşma emosialarla dolu idi”.
Belaruslu baş məşqçi mübahisəli penalti epizodu barədə danışıb: “Hakimin nə düşündüyünü deyə bilmərəm. Referi VAR-a baxanda oraya yaxınlaşmaq olmaz. Hakim nə qərar veribsə, hörmət etmək lazımdır”.
Baqa ardıcıl 3 matçda qol vura bilmədiklərini xatırladıb: “Nə vaxt qol vuracağımızı bilsəydim, resepti sizə də deyərdim. Bunun üzərində işləyirik. Oyunçular da çalışır. Vaxt barəsində nəsə deyə bilmərəm. Bu, hamiləlik deyil ki, 9 aydan sonra nəsə gözləyək”.
Mütəxəssis güclü komandaya qarşı oynadıqlarını söyləyib: “Rəqib avrokuboklarda iştirak edib. Heç bir idmançı və ya məşqçi məğlub olmaq istəmir. Hər görüşdən əvvəl oyunçuları və özümüzü yalnız qələbəyə kökləyirik”.
Baş məşqçi “bu mövsüm rəhbərlik sizə nə qədər limit qoyub” sualını da cavablandırıb: “Mənim işim məşqlərə və oyuna hazırlıqdır. Kabinetlərdə, ofislərdə nə danışılırsa, mənə aid deyil. İstəyirsinizsə, “Atalanta”- “Milan” oyununu müzakairə edə bilərik. Əgər hər şeyi fikirləşsəm, başım partlayar. “Sumqayıt”ı götürdüyüm vaxtdan bütün məsuliyyət mənim üzərimdədir”.