Leyla xanımla görüşən tarixçi – Dilqəm Əhməd yazır

Leyla xanımla görüşən tarixçi – Dilqəm Əhməd yazır

“İNFONEWS” istinadən xəbər verir.

Bir neçə gün öncə milli kitabxanada qəzetləri gözdən keçirərkən maraqlı bir müsahibəyə rast gəldim. Belə ki, 1989-cu ilin sentyabrında Bakıda kiril, ərəb və latın qrafikasında çıxan “Odlar yurdu” qəzetində polyak əsilli Amerika tarixçisi Tadeuş Svetoxovskinin müsahibəsi dərc olunub. Azərbaycanla bağlı hələ də aktuallığını qoruyan əsər yazan Svetoxovski suallara maraqlı cavablar verib, eləcə də önəmli bilgilər paylaşıb. Alimdən müsahibəni qəzetin müxbiri R.Erkin Parisdə alıb.

Vikipediyada olan məlumata görə, Tadeuş Svetoxovski 1932-ci ildə Fransada Polşa diplomatı Stanislav Svetoxovskinin ailəsində doğulub. 1939-cu ildə Polşanın SSRİ və Almaniya arasında bölünməsindən sonra atası Moskvaya sürgün edilib, Butyrskaya həbsxanasında öldürülüb.

Müharibədən sonra Tadeuş Amerikaya köçüb, Monmutz Universitenin tarix fakültəsində çalışıb, bu universitetin professoru olub. 1985-ci ildə “Russian Azerbaijan (1905-1920): the shaping of a national identity in a Muslim community” (Cambridge University Press, Boston, 1985) adlı Azərbaycanla bağlı əsəri işıq üzü görüb. Həmin əsəri “Milliyyət Araşdırmalar Mərkəzi” bu il “Müsəlman cəmiyyətində milli kimliyin formalaşması” adı ilə çap edib. Məşhur alim 15 fevral 2017-ci ildə Nyu-Yorkda vəfat edib, vətəni Varşavada dəfn edilib.

Svetoxovski “Odlar yurdu” qəzetinə verdiyi müsahibəsində özü haqqında bu şəkildə məlumat verib: “Varşava Universitetinin Şərqşünaslıq fakultəsini türkoloq ixtisası üzrə bitirmişəm. Sonra London Universitetində və Beyrutdakı Amerikan universitetində oxuyaraq ölkəşünas-ərəbşünas diplomu almışam. ABŞ-ın müxtəlif universitetlərində və elmi-tədqiqat institutlarında Yaxın Şərq ölkələri tarixi üzrə mühazirələr oxumuş, elmi-tədqiqat işləri aparmışam. Ana dilim olan polyak dilindən başqa rus, ingilis, fransız, alman, ərəb, fars, türk və Azərbaycan dillərini bilirəm.Hazırda Nyu-Cersi ştatındakı Monmutz Kollecdə dərs deyirəm. “XIX əsr Azərbaycan ədəbiyyatında müasir təmayüllər” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişəm”.

Svetoxovskiyə görə, Azərbaycan müsəlman aləmində öz cəmiyyətini müasirləşdirməyə başlayan ilk ölkələrdən olub. Buna görə də Azərbaycan Qərb tarixçilərinin diqqətini çəkib. Azərbaycanla bağlı elmi işindən sonra Svetoxovski 1978-ci ildə Hümmət partiyası haqqında məqalə qələmə alıb. 1985-ci ildə isə yuxarıda qeyd etdiyimiz kitabı çıxıb. Qısa adı “Rusiya Azərbaycanı” olan bu əsəri Strasburqdakı Azərbaycan Cəmiyyəti fars dilinə tərcümə edib. 1988-ci ildə bu əsər İstanbulda türk dilində nəşr olunub. “Amerikanın səsi”, “Azadlıq radiosu” kimi qurumlarda bu əsər qismən dilimizdə səsləndirilib. 1989-cu ildə Londonda keçirilən beynəlxalq konfransda alim Azərbaycanla bağlı çıxış edib. 1988 və 1989-cu illərdə isə ABŞ-da keçmiş Dağlıq Qarabağla bağlı elmi seminara qatılıb.

Svetoxovskinin əsərləri Sovet Azərbaycanında tənqidi qarşılanıb. Onun Hümmət partiyası ilə bağlı məqaləsinə cavab olaraq 1986-cı ildə Bakıda Hüseynağa Həsənovun “Azərbaycanda marksizm-leninizm ideyalarının yayılmasında “Hümmət” bolşevik təşkilatının fəaliyyəti (1904-1920-ci illər)” adlı əsəri çap edilib. Alim müsahibəsində bu mövzuya da geniş toxunub.

Svetoxovski “Nyu-Yorkda yaşayan azərbaycanlılarla tanışsınızmı?” sualına isə maraqlı cavab verib: “Bir vaxtlar Fətəli xan Xoyskinin qardaşı oğlu Zahid xanı tanıyırdım. Məhəmmədəmin Rəsulzadənin həyat yoldaşı ilə görüşmüşdüm. O, mənim həmvətənimdi. Heyf ki, bu görüş onun vəfatından azca əvvəl baş vermişdi, artıq ondan heç nə öyrənmək mümkün deyildi”.

Təəssüf ki, M.Rəsulzadənin həyat yoldaşı Leyla xanımın arxivi də naməlum şəxslərin əlinə keçib…

Müəllif: Dilqəm Əhməd, “Çapar” dərgisinin baş redaktoru
“teleqram.com”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir