Azərbaycan -Türkiyə elmi əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb
Azərbaycan alimləri ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Marmara Araşdırma Mərkəzinin əməkdaşları arasında onlayn görüş keçirilib.
Bu barədə “İNFONEWS” -a AMEA-dan verilən məlumatda bildirilib ki, tədbirdə Marmara Araşdırma Mərkəzinin İqlim dəyişkənliyi və davamlılıq üzrə vitse-prezidentliyinin yer elmləri tədqiqat qrupunun rəhbəri Erhan İlkmenin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan tərəfdən akademik Fəxrəddin Qədirov, Geologiya və Geofizika İnstitutunun müvafiq şöbələrinin alimləri, AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi dosent Rüstəm Rüstəmov və Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin əməkdaşları iştirak ediblər.
Görüş zamanı cari ilin may ayında “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində ölkəmizdə səfərdə olan TÜBİTAK-ın vitse-prezidenti, Marmara Araşdırma Mərkəzinin prezidenti professor Əhməd Yozgatlıgillə AMEA-da keçirilən görüş zamanı başlanmış müzakirələrin davamı olaraq ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər arasında təbii fəlakətlər, geoloji təhlükələr, ərazinin təsnifat tədqiqatları, paleysmoloji və arxeoloji nümunələrin tədqiqi və s. mövzularda müzakirələr aparılıb və müştərək tədqiqatlar üzrə istiqamətlər müəyyənləşdirilib.
Sonda Marmara Araşdırma Mərkəzinin nümayəndələri tərəfindən AMEA-nın təklif etdiyi müştərək mükəmməllik mərkəzlərinin yaradılmasının mümkünlüyü ifadə olunub.