Növbəti 13 ailə Ağalıya köçürüldü – Şərqi Zəngəzura QAYIDIŞ
Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
“İNFONEWS” AZƏRTAC- a istinadən xəbər verir ki, sentyabrın 10-da Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola salınan 13 ailədən ibarət növbəti köç karvanı Ağalı kəndinə çatıb. İyirmi doqquz ildən sonra Vətənə qayıdan zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb.
Onlara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib.
Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. Ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə birinci mərhələdə 41 ailə (201 nəfər), ikinci mərhələdə 25 ailə (125 nəfər) köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar.