Metropoliten işçilərinin peşə bayramı günü dəyişildi
Bakı metropoliteni işçilərinin peşə bayramı gününün tarixində dəyişiklik edilib.
“İNFONEWS” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 oktyabr tarixli 1758 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 oktyabr tarixli 1758 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 898) 1-ci hissəsində “8-i” sözü “6-sı” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 sentyabr 2022-ci il
Sərəncamla Bakı metropoliteni işçilərinin peşə bayramı noyabr ayının 8-dən 6-na keçirilib.
Xatırladaq ki, 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.