Lənkəran Dövlət Universitetinin yeni tədris korpusunun açılışı olub
Sentyabrın 21-də Lənkəran Dövlət Universitetinin(LDU) yeni tədris korpusunun açılış mərasimi keçirilib.
Bu barədə “İNFONEWS”-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, millət vəkili Rüfət Quliyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov bildirib ki, bu gün açılışı olan yeni tədris korpusu ümumilikdə 85 otaqdan ibarətdir və bir növbədə 1200 tələbənin təhsil alması üçün burada hər cür şərait yaradılıb. Rektor universitetin maddi-texniki bazasının yenilənməsi istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini deyib.
Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris korpuslarının tikintisini yüksək dəyərləndirib və bunun tələbələrə stimul olduğunu qeyd edib. Bu il ali təhsil müəssisələrinə qəbul olunanların sayında böyük artım müşahidə olunduğunu diqqətə çatdıran Emin Əmrullayev pedaqoji fakültələrdə oxuyan tələbələri işğaldan azad edilmiş ərazilərdə tikilən məktəblərdə çalışmağa dəvət edib.
Nazir çıxışının sonunda tədris ilinin başlanması və yeni korpusun istifadəyə verilməsi münasibətilə universitetin kollektivini təbrik edib və uğurlar arzulayıb.
Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov da öz növbəsində yeni tədris korpusunun açılışı münasibətilə kollektivi təbrik edib.
Millət vəkili Rüfət Quliyev də açılış mərasimindəki çıxışında tələbələri vətənə sədaqətlə xidmət etməyə, keyfiyyətli mütəxəssislər kimi yetişməyə çağırıb.
Daha sonra qonaqlar yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar.