UNEC-in dosenti Müzəffər Məmmədov təqaüdə çıxıb
UNEC-in dosenti, Əməkdar müəllim Müzəffər Məmmədovun təqaüdə çıxması münasibətilə çalışdığı İqtisadiyyat və idarəetmə fakültəsində görüş keçirilib.
Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə çıxış edən UNEC-in prorektoru, dosent Şaiq Əsgərov qocaman alim-pedaqoq Müzəffər Məmmədovun elmi-pedaqoji fəaliyyətindən, iqtisadçı mütəxəssislərin hazırlanmasındakı xidmətlərindən söz açıb. M.Məmmədovun təhsil sahəsində göstərdiyi xidmətlərinə görə “Əməkdar müəllimi” fəxri adına layiq görüldüyünü, eləcə də BMT-nın İctimai Mükafatlar Şurasının “Şərəf və Ləyaqət” Avropa Ordeni ilə təltif edildiyini diqqətə çatdırıb.
Sonra Müzəffər Məmmədovun çalışdığı fakültə və kafedranın professor-müəllim heyəti çıxış edərək, alim haqqında xoş sözlər deyiblər, ona uzun ömür, can sağlığı arzulayıblar. Müzəffər müəllimin doğma kollektivlə daim dostluq əlaqəsini qoruyub-saxlayacağına əminliklərini ifadə ediblər.
Müzəffər Məmmədov bir zamanlar tələbəsi olduğu, sonradan isə müəllim kimi fəaliyyət göstərdiyi İqtisad Universitetində həyata keçirilən yenilikləri yüksək qiymətləndirərək, bu ali təhsil ocağının qısa zamanda beynəlxalq reytinqlərdə yer almasından, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq etməsindən qürur duyduğunu bildirib. UNEC-lə əlaqəsini bundan sonra da davam etdirəcəyini diqqətə çatdıran alim, haqqında deyilən xoş sözlərə görə professor-müəllim heyətinə təşəkkürünü bildirib.