UNEC-də Avrasiya İqtisadiyyatları üzrə 14-cü beynəlxalq konfrans keçirilib
UNEC-in ev sahibliyi ilə keçirilən Avrasiya İqtisadiyyatları üzrə 14-cü Beynəlxalq Konfrans öz işini yekunlaşdırıb.
Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
UNEC-in Türk Dünyası İqtisad fakültəsində (TÜDİFAK) Beykent Universiteti, Doğuş Universiteti və Qırğızıstan-Türkiyə Manas Universiteti ilə birgə keçirilən 14-cü Beynəlxalq Avrasiya İqtisadiyyatları konfransının açılışında Türkiyə Respublikasının Bakıdakı səfiri dos. Cahit Bağcı, səfirliyin müşavirləri, MÜSİAD ve ATİB nümayəndələri, universitet rəhbərləri və professor-müəllim heyəti iştirak ediblər.
Azərbaycanın Dövlət himninin və İstiqlal marşı səslənməsi ilə başlayan tədbirdə səfir Cahit Bağcı “Bir kəmər, bir yol” layihəsindən söz açıb. Bu layihənin Türkiyənin də üzərində dayandığı Orta Dəhlizin müsbət və mənfi tərəflərinin alimlər tərəfindən araşdırılmasının zəruri olduğunu bildirib. Səfir Avrasiya bölgəsinin son dərəcə dinamik olduğunu, bu dinamikanın qiymətləndirilməsi üçün təkcə iqtisadi, siyasət və beynəlxalq münasibətlərdə deyil, digər sahələrdə də əməkdaşlığın vacibliyini qeyd edib.
UNEC-in tədris işləri üzrə prorektoru dos.Gəray Musayev Avrasiya regionu ölkələrinin iqtisadiyyatlarının inkişaf perspektivləri barədə konfrans iştirakçılarına məlumat verib.
TÜDİFAK-ın dekanı Prof.Dr.Mehmet Yüce çıxışında Türk dövlətlərinin coğrafi dostluq və qardaşlıq əlaqələrindən söz açıb. Mehmet Yüce ev sahibliyi etdikləri konfransın həm bilik mübadiləsinə, həm də qardaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəyindən əminliyi bildirib.
Konfransın moderatoru Prof.Dr.Selahattin Sarı konfrasın məqsədinin Avrasiya regionu ölkələrinin iqtisadiyyatları ilə bağlı inkişafı yerində izləyə bilən alimlər vasitəsilə araşdırmaq, bölgə iqtisadçılarının tərəqqini qiymətləndirməsinə imkan yaratmaq və elm adamlarını bir araya gətirərək, ortaq işlər həyata keçirmələrini təmin etməkdən ibarət olduğunu bildirib.