Bakıda Avropa Dilləri Günü qeyd olunacaq
Sentyabrın 26-da Bakıda Avropa Dilləri Gününə həsr olunmuş tədbirlər keçiriləcək.
“İNFONEWS” xəbər verir ki, Avropanın müxtəlif dillərində şeir və hekayələrin oxunuşları və onların Azərbaycan dilinə tərcüməsi nəzərdə tutulub.
Tədbir Avropa və Azərbaycan mədəniyyətini yaxınlaşdırmaq məqsədilə 2020-ci ilin fevral ayında yaradılmış Avropa İttifaqı Ölkələrinin Mədəniyyət İnstitutları İttifaqı (EUNIC)-Azərbaycan klasteri tərəfindən təşkil olunur.
Bakıdakı Azərbaycan Dillər Universitetində Bakı Avropa Dilləri və Mədəniyyəti Mərkəzlərinin tələbələrinin iştirakı ilə kütləvi oxunuşlar keçiriləcək. Tədbir saat 15:00-da başlayır.
Elə həmin gün Latviya və Çexiya səfirliklərinin Avropa İttifaqının Bakıdakı nümayəndəliyi ilə birgə ilk dəfə olaraq “Bakıda ədəbiyyat gecəsi” adlı tədbir keçiriləcək. Tədbir saat 20:00-da “Orange Grove”da başlayacaq.
Qeyd edək ki, hər il sentyabrın 26-sı Avropa Dilləri Günü qeyd olunur. Bu tədbirin əsas məqsədi həm məktəblərdə, həm də onlardan kənarda müxtəlif Avropa dillərinin öyrənilməsini və inkişafını təşviq etməkdir.