DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova açıqlama verib.
O, bildirib ki, məqsəd ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqlar, qazi və şəhid ailələrinin övladları, əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxslərin peşə hazırlığına əlçatanlığını təmin etmək, onların iş imkanlarını genişləndirmək, bu sahədə bərabər imkanlar yaratmaqdır.
İmzalanmış sənədə əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlim alan həssas əhali qrupuna aid şəxslər üçün təlim prosesinə cəlb olunacaq.
Əməkdaşlıq çərçivəsində Universitetin pedaqoji və müəllim heyətinin iştirakı ilə biznesin təşkili, menecment, mühasibatlıq, bank işi, maliyyə, xarici dillər və digər tələblərə uyğun istiqamətlər üzrə təlimlərin təşkili nəzərdə tutulur. Razılaşma sənədi qarşılıqlı təcrübə mübadiləsi və korporativ əməkdaşlıq məsələlərini, bu xüsusda müştərək layihələrin və innovativ təşəbbüslərin təşkili ilə bağlı birgə fəaliyyəti əhatə edir.
Memorandumun imzalanma mərasimində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəhbərliyi, universitetin tələbə təşkilatlarının rəhbərləri, tələbə-müəllim heyəti, dəvətli qonaqlar iştirak edib.
Mərasimdə açılış nitqi ilə çıxış edən UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dos. Səadət Qəndilova təşəbbüsün çox təqdirəlayiq olduğunu vurğulayaraq, əməkdaşlıq istiqamətində böyük uğurlara imza atılacağına inandığını qeyd edib. O, bildirib ki, UNEC hər zaman xüsusi qayğıya ehtiyacı olan tələbələrə xüsusi diqqət yetirməkdədir və universitet bu sahəni öz səlahiyyətləri çərçivəsində daha da genişləndirməyi özünə vəzifə bilir. Prorektor onu da bildirib ki, UNEC-də fəaliyyət göstərən 11 tələbə təşkilatının 2-i “UNEC Könüllüləri” Təşkilatı və “Rəqəmsal Könüllülər” Təşkilatı könüllü təşkilatlarıdır ki, bu da UNEC-in həm tələbələrə, həm də professor-müəllim heyətinə xüsusi qayğı ilə yanaşıldığının bariz göstəricisidir.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova çıxış edərək əməkdaşlığın bu sahənin inkişafına və xüsusi qayğıya ehtiyacı olan şəxslərə müvafiq istiqamətlər üzrə təlim-tədris almalarına çox böyük töhfə verəcəyindən bəhs edib. O, qeyd edib ki, UNEC-in İnklüziv Təhsil Mərkəzinin fəaliyyəti və gördüyü işlər təqdirəlayiqdir.
Sonra tədbirdə iştirak edən şəxslər çıxış edərək əməkdaşlığın verə biləcəyi töhfələrdən bəhs ediblər.
Daha sonra memerondum imzalanıb.