UNEC-də istehsalat təcrübəsi bu qaydalarda həyata keçiriləcək
UNEC-də IV kurs əyani və V kurs qiyabi tələbələrinin istehsalat təcrübəsi 16.02 – 24.05 tarixləri aralığında müəyyən edilib.
Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
- İstehsalat təcrübəsi yaz semestrində 21 kredit (21×30=630 akademik saat) olmaqla, respublikada və respublikadan kənar müəssisə və təşkilatlarda təşkil edilir.
- Tələbənin təcrübə obyektində iştirak etməli olduğu aktiv saatların miqdarı 14 həftə (70 təcrübə günü) ərzində minimum 315 akademik saat (hər gün 4,5 akademik saat və 1 akademik saat 45 dəqiqə olmaqla) olaraq müəyyən edilir.
- Tələbələrin təcrübə keçmə qrafiki 9:00-13:00 (I növbə) və ya 14:00-18:00 (II növbə) olaraq müəyyənləşdirilir.
- Təcrübəyə ayrılan sərbəst saatlar (315 akademik saat) təcrübə ilə əlaqədar sənədlərin tərtib olunmasına, təcrübə rəhbərləri ilə müzakirə edilməsinə, buraxılış işi materiallarının toplanmasına, sahə üzrə sorğuların həyata keçirilməsinə və s. ayrılır.
- Tələbələrə ixtisasına uyğun təcrübə müəssisəsini müəyyən etmək və həmin müəssisədə təcrübə keçmək hüququ verilir.
- Fərdi qaydada təcrübə yeri seçmək istəyən tələbələr təcrübə üçün müraciət etdikləri müəssisə rəhbərinin UNEC rektoruna ünvanlanmış razılıq məktubunu (Təcrübə arayışını) oktyabr ayının 15-dən gec olmayaraq, universitetə təqdim etməlidirlər.
- Fərdi qaydada seçilmiş təcrübə yerləri tələbələrin ixtisaslarına uyğun gəlməlidir, əks halda arayışlar qəbul edilməyəcək. İstehsalat müəssisəsinin ixtisasa uyğunluğu ixtisas kafedraları tərəfindən təsdiq olunmalıdır.
- Startap layihələri UNEC-in İnnovativ Biznes İnkubatorunun Ekspert Şurası tərəfindən qalib olaraq müəyyənləşdirilmiş və təsdiq edilmiş tələbələr istehsalat təcrübəsini keçmiş hesab edilir və onların təcrübə nəticələri 100 bal olaraq qiymətləndirilir.
- “İqtisadiyyat və idarəetmə”, həmçinin “Texniki və texnoloji” ixtisas qrupuna daxil olan ixtisaslardan biri üzrə işləyən qiyabi təhsil alan tələbənin həmin qrupa daxil olan ixtisaslara uyğun iş yerindən təqdim edilən razılıq məktubu əsasında həmin müəssisədə təcrübə keçməsinə icazə verilir.
- Əlilliyi olan tələbələr üçün istehsalat təcrübəsi onların fiziki xüsusiyyətləri, fərdi imkanları, sağlamlıq durumu və s. məsələlər ilə əlaqədar fərdi istəkləri nəzərə alınmaqla təşkil edilir.
- Təcrübə arayışı nümunəsini, o cümlədən təcrübəyə dair digər sənədlərin nümunələrini Təcrübənin təşkili şöbəsinin səhifəsindən yükləyə bilərsiniz: https://unec.edu.az/…/tecrube-ve-iseduzeltme-sobesi/
Əlaqə: (012) 441 64 31, Təcrübənin təşkili şöbəsi.