Dövlət orqanlarında vakansiyalar üçün daxili müsahibə elan edilir
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir.
“İNFONEWS” xəbər verir ki, 29 sentyabr 2022-ci il tarixindən 12 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib.
Elana çıxarılan vəzifələrin 21-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 12-si B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Aparat rəhbərinin müavini-şöbə müdiri vəzifəsidir.
Ümumilikdə isə Gənclər və İdman Nazirliyində 8, Mədəniyyət Nazirliyində 5, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 5, Maliyyə Nazirliyində 3, Kənd Təsərrüfatı Nazirliyində 3, Dövlət Turizm Agentliyində 2, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 1, Diasporla İş üzrə Dövlət Komitəsində 2, Audiovizual Şurada 1, Elm və Təhsil Nazirliyində 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 və Səhiyyə Nazirliyində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılmışdır.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il tarixindən 18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.