İstedadlı fiziki məhdudiyyətli xanımların sərgi-satışı baş tutub
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət 10 günlük sərgi-satış başa çatıb.
“İNFONEWS” – un əldə etdiyi məlumatına görə, sərgi-satış çərçivəsində “Ən yaxşı əl işləri” müsabiqəsinin müxtəlif nominasiyalar üzrə qalibləri mükafatlandırılıb.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, sentyabrın 28-dən başlayan məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış 10 gün davam edib. Burada muxtar respublikanın rayon, şəhər və kəndlərində yaşayan istedadlı qadınların, həmçinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin, Heydər Əliyev Uşaq-Gənclər, Texniki Yaradıcılıq mərkəzlərinin qadın dərnək rəhbərləri və üzvlərinin, ali təhsil müəssisələrinin qadın tələbə və müəllimlərinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan, eləcə də məhkum qadınların, sərmayə kapitalı verilən 38 qadının sənətkarlıq nümunəsi daxil olmaqla, ümumilikdə, sərgi-satışa 442 müəllifin 10 min 668 əl işi çıxarılıb. Bu da ötən illə müqayisədə 3242 əl işi çox deməkdir. Əgər ötən il sərgi-satışda 26 min 557 manat dəyərində 2583 əl işi satılmışdırsa, builki sərgi-satışda bu rəqəm 13 min 81 manat dəyərində 557 ǝl işi artaraq, 39 min 638 manat dəyərində 3140 əl işi olub.
Qeyd edilib ki, zövqlə hazırlanmış əl işləri sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb. Sərgi-satışda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, muxtar respublikanın sakinləri, turistlər, xüsusən də Ümumdünya Şahmat Olimpiadası çərçivəsində muxtar respublikamıza gələn çoxsaylı qonaqlar iştirak edib, öz zövqlərinə uyğun əl işləri alıblar. Ümumilikdə, sərgi-satışda 4 mindən artıq ziyarətçi qeydə alınıb.
Ramilə Seyidova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sərgiyə baxıb, tövsiyə və tapşırıqlarını verib.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada özünüməşğulluq proqramı çərçivəsində görülən işlərdən danışıb. Bildirib ki, bundan sonra da sərgi-satışlara istedadlı, yaradıcı qadınlarımızın cəlb olunmasına diqqət artırılacaq, onların istedad və bacarıqlarının üzə çıxarılmasına dəstək göstəriləcək.
İstedadlı qadınlardan Həcər Hümbətova, Lalə Şahbazova və digər çıxış edənlər yaradılan şəraitə görə minnətdarlıq ediblər.
Məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı çərçivəsində “Ən yaxşı ǝl işi” müsabiqəsi də keçirilib. Müsabiqədə sənətkar, həvəskar və məhdud fiziki imkanlı şəxslər ayrı-ayrılıqda nəzərə alınmaqla əl işləri – rəsm, toxuculuq, tikmə, xalçaçılıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət nominasiyaları üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri mükafatlandırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, muxtar respublikada istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların təşkili artıq ənənə halını alıb. Bu ilki sərgi-satış da çeşid bolluğu və rəngarəngliyi ilə yaddaqalan olub. Sərgidə muxtar respublikanın istedadlı qadınları qədim xalq sənətlərimizdən olan bir çox nümunələr nümayiş etdiriblər.
Emin Məmmədov iştirakçılara yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb.