Beynəlxalq Muğam Mərkəzində “Füzuli Füzulidə” ədəbi-bədii gecə baş tutdu
2020-ci il oktyabrın 17-də Vətən müharibəsində bir-birindən parlaq səhifələr yazan Azərbaycan Milli Ordusunun əsgərləri uğurlu əməliyyat nəticəsində Füzuli şəhərini və rayonun bir neçə kəndini düşmən işğalından azad etdilər. Tarixi ədalətin bərpa olunması, 28 ildən sonra sakinlərin öz doğma yurd-yuvalarına qayıdışı çox böyük ruh yüksəkliyi və sevinclə qarşılandı.
“İNFONEWS” xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində “Füzuli Füzulidə” adlı ədəbi-bədii gecə həmin əlamətdar hadisəyə həsr olunub.
Torpaqlarımızına azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra monitorda Prezident, Ali Baş Komandan İlham Əliyevin həmin gün xalqa müraciəti səsləndirilib.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov, Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi Baş İdarəsinin sədri Tahir Məmmədov, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli, yazıçı-dramaturq Seyran Səxavət, şair Vaqif Bəhmənli və başqaları Vətən müharibəsi günlərində Milli Ordu döyüşçülərinin qəhrəmanlığı, xalqımızın göstərdiyi möhtəşəm birlik nümunəsi, rayon ərazisində erməni quldur birləşmələrinin törətdiyi vandalizm hərəkətləri barədə danışıb və hazırda rayonda aparılan böyük bərpa və quruculuq işləri, tezliklə doğma yurda qayıtmaq arzularından bəhs ediblər.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktyorlarının ifasında yazıçı İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşasından bir parça nümayiş olunub.
Əməkdar artistlər Cahangir Qurbanov, Nizami Abdullayev, müğənnilər Təşkilat Nəsirov, Nadir Bayramlı, Eldəniz Məmmədov və başqaları Vətən, yurd, torpaq və qəhrəmanlıq haqqında mahnılar ifa ediblər.
Tədbir iştirakçıları adından Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubu ünvanlanıb.