“AZƏRBAYCANDA BİR İLKƏ İMZA ATIRDIQ” – Arzu Məmmədova
Noyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzinin (KİM) 24/7 kitabxanasının 4 yaşı tamam olur.
“İNFONEWS” xəbər verir ki, kitabxananın müdiri Arzu Məmmədova bu münasibətlə UNEC News-la fikirlərini bölüşüb.
YENİ BAŞLAYANDA ÇOX HƏYƏCANLIYDIQ, ÇÜNKİ AZƏRBAYCANDA BİR İLKƏ İMZA ATIRDIQ
Artıq 4 ildir fəaliyyət göstəririk. Bu müddət ərzində həyata keçirdiyimiz müxtəlif layihələr, yerli və beynəlxalq təlimlərin təşkili, bir-birindən rəngarəng tədbirlərin təqdimatı ilə həm UNEC-in akademik heyəti, həm tələbələri, həm də həmkar kitabxana mütəxəssisləri tərəfindən rəğbət qazana bilmişik.
Yeni başlayanda çox həyəcanlıydıq, çünki Azərbaycanda bir ilkə imza atırdıq. Bu, regiondan akademik kitabxana sistemində bir yenilik idi, həftənin 7 günü 24 saat fəaliyyət göstərməliydik və ən əsası, bizə göstərilən etimadı doğrultmalıydıq.
Təvazökarlıqdan kənar olsa da, qeyd etməliyəm ki, məncə, bizim kollektiv bunu bacardı. Çünki tələbələrin bu məkana olan sevgisi, peşəkar komandamıza olan çoxsaylı hörmət etirafları, eləcə də nümunəvi fəaliyyətimizin göstərici olan aldığımız müxtəlif mükafatlar bunu deməyə əsas verir. “İnfonews” İnformasiya Agentliyi tərəfindən keçirilən sorğuya əsasən, “İlin ən yaxşı universitet kitabxanası” media mükafatı ilə təltif edilməyimiz isə gördüyümüz işlərə daha da məsuliyyətlə yanaşmağımıza ruhlandırır.
KİTABXANAMIZI FƏRQLİ EDƏN LAYİHƏLƏRİMİZDİR
Kitabxanamızı fərqli edən UNEC rəhbərliyi tərəfindən burada yaradılan müasir tələblərə cavab verən, hər bir oxucu-istifadəçinin tam rahatlığını təmin edən infrastruktur ilə yanaşı, universitetin müəllim-tələbə heyəti ilə birgə ərsəyə gələn layihələridir.
“Səsli Kitabxana” layihəsi ilə məşhurlaşdıq desəm, yanılmaram. Çünki bu layihə respublikada bir ilk idi. Görmə məhdudiyyətli gənclərin ali təhsilə inteqrasiyasına yardım göstərmək niyyəti ilə audio-kitablar hazırlamağa qərar vermişdik. Rəhbərliyin bu mövzuya xüsusi həssaslıqla yanaşması, eləcə də hər bir iştirakçının ürəklə, böyük məsuliyyətlə fəaliyyəti bu layihəni çox sevdirdi, tanıtdırdı. Layihənin hər mərhələsinin seçim turlarına UNEC tələbələri ilə yanaşı, digər universitetlərin tələbələri, həmçinin həmkar kitabxana əməkdaşlarının da qatılmaq istəyinə olduqca sevinir, növbəti layihələrə həvəslənirdik. Əminliklə deyə bilərəm ki, məhz “Səsli kitabxana” layihəsi ölkədə bu istiqamətdə görülən bir çox işlərə zəmin yaratmış oldu ki, əldə etdiyimiz və davamlı paylaşdığımız təcrübədən çoxları yararlandı.
Layihələr sıralamasında həm davamlılıq müddətinə, həm də reytinqinə görə sevilən-seçilən “Həftənin kitabı” layihəsidir ki, artıq 4 ildən çoxdur davam edir. Məhz bu layihə çərçivəsində kitabxana fondunun bir-birindən maraqlı və faydalı kitabları oxuculara təqdim edilir, onlar haqqında geniş məlumat verilir. Eləcə də, “Kitabxana mənim üçün…” layihəsi kitabxana qaydalarını, onun fiziki və elektron resurslarından geniş istifadə edilməsi, kitabxananın hər bir oxucu-istifadəçinin həyatındakı əhəmiyyətli rolunu müəyyən edən ən maraqlı layihələrdəndir. Həmçinin oxucu-istifadəçilərimiz içərisində böyük maraq və həvəslə qarşılanan, həm müəllimlərin, həm də tələbələrin dəstəyi ilə yaranan “Sıra Səndə” layihəsidir. Bu layihəyə məhz pandemiya dövründə start verdik ki, layihənin məqsədi müəllim və tələbələri profil üzrə gündəmi zəbt edən ən yeni, aktual, maraqlı akademik, Azərbaycan və dünya bədii ədəbiyyatınin inciləri ilə tanış etmək idi. Belə ki, hər bir mütaliəsevər iştirakçı oxuyub, bəyəndiyi kitabları geniş auditoriyaya təqdim edərək, estafeti digərinə ötürürdü. Tələbələrin sevimli və böyük məmnuniyyətlə iştirak etdiyi layihənin digəri “Balacalarla kitab oxuyaq”dır. Komandamız bu layihə çərçivəsində mütaliə vərdişlərini kiçiklərə aşılamaq məqsədilə periodik olaraq, uşaq bağçalarına gedir, balaca dostlarımızla kitabların insan həyatındakı əhəmiyyətindən danışır, onlara nağıllar oxuyurlar.
Böyük qürur hissi ilə daha iki layihəmiz haqqında məlumat vermək istərdim ki, hər iki layihə II Qarabağ müharibəsi dövründə ərsəyə gəlib. “Qarabağ kitabxanaları” və “Qarabağ tarixi sənədlərdə” ən uğurlu layihələrimizdəndir.
Düşünürəm ki, “Qarabağ tarixi sənədlərdə” layihəsi informasiya məkanında Qarabağ həqiqətlərini geniş ictimaiyyətə paylaşma imkanı olan hər birimizin vətəndaşlıq borcudur. Layihənin bəlli məqsədi vardır: müharibə sonrası müasir informasiya savaşında ermənilərin Azərbaycan tarixinə, Qarabağ tarixinə kölgə salan yalançı, saxta tarixi məlumatlarına dürüst tarixi sənədlər, mənbələrlə qarşı çıxmaq, layihə çərçivəsində əldə etdiyimiz materialları müxtəlif dillərdə oxucu-izləyicilərə təqdim etməkdir.
Həmçinin fəxrlə “Qarabağ Kitabxanaları” layihəsi haqqında deyə bilərəm ki, bu da respublikamızda bir ilk idi. Bizə qədər bununla bağlı elə də ciddi araşdırmalar aparılmamışdır və sevindirici tərəf ondan ibarətdir ki, bu gün Qarabağ kitabxanalarının bərpası, yenilənməsi gündəmdədir, hər birimiz də bu istiqamətdə var gücümüzlə çalışmağa hazırıq.
UNEC KİM-in 24/7 Kitabxanası olaraq, respublikamızın aparıcı mütəxəssislərinin, həmçinin xarici həmkarlarımızın təlimlərini təşkil edir, davamlı olaraq, yeniliklərdən, rəqəmsal dünyamızın mühüm xəbərlərindən məlumatlandırma, maarifləndirmə işləri aparırıq. Eləcə də, maraqlı, rəngarəng, aktual tədbirlər silsiləsi ilə həmişə diqqət çəkə bilmişik.
VƏ ƏLBƏTTƏ Kİ, KİTABXANA KÖNÜLLÜLƏRİMİZ…
Kitabxanamızı digərlərindən fərqli edən, bizimlə birgə çalışan, uğurlarımızda danılmaz yeri olan, nəhayət, qəlbində bu məkana, məsləyə sevgi payı ilə seçilən KİTABXANA KÖNÜLLÜLƏRİMİZ…
24/7 kitabxanasının layihəsi 2017-ci ildən həyata keçirilməyə başlamış və 2018-ci ilin may ayında başa çatmış və açılış gününə kimi tamamlama işləri görülmüşdür. Bu müddət ərzində məhz kitabxana könüllüləri yanımızda olub, öz yardımlarını əsirgəməyiblər. Hazırda bu ənənə davam edir.
Bu gün fəaliyyətimizin 4-cü ili tamam olur. Amma elə bil böyük bir yol keçmiş kimiyik. Bu müddət ərzində, həm offlayn, həm də onlayn rejimində çalışdıq. Öz prinsiplərimizə həmişə sadiq qaldıq: inkişaf etdik, xidmətlərimizi yenilədik, daha da təkmilləşdirdik, əməkdaşlıqlarımızı genişləndirdik, oxucu-istifadəçilərimizə durmadan yardım göstərməklə bərabər davamlı yanlarında olmağa çalışdıq-necə deyərlər, hər birisi üçün doğma evi qədər rahat olan, inandığı, güvəndiyi, sevdiyi 24/7 ailəsi yaratdıq. Onların əldə etdikləri uğurlarda az da olsa, dəstəyimiz, əməyimiz varsa, nə xoş bizə.
Yeni nəsil kitabxanaçıların yetişməsinə verdiyimiz töhfə isə ən çox qürurlandığımız üstünlüklərimizdəndir. Əgər “müasir kitabxanaçılar”, “kreativ kitabxanaçılar”, “rəqəmsal kitabxanaçılar” sırasında bizim mütəxəssislərın bəlli bir yeri, örnək nümunəsi varsa, xidmətlərimiz və təcrübəmiz elmi kitabxanalarda tətbiq edilirsə, deməli, qarşıya qoyduğumuz məqsədlərə doğru düzgün yoldayıq.
Davamlı yenilənən xidmətlərimiz, zənginləşən kitab fondumuz, peşəkar komandamızla irəlidəki illərdə növbəti uğurlara doğru!