Azərbaycan “Tashkent Book Fest” Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
Özbəkistan Respublikası Prezidentinin Administrasiyası nəzdində İnformasiya və kütləvi kommunikasiya Agentliyi ölkənin müxtəlif nazirlik və komitələrinin dəstəyi ilə 2019-cu ildən “Tashkent Book Fest” Beynəlxalq Kitab Sərgi-Yarmarkasını keçirir. Sərgi-yarmarkanın əsas məqsədi kitab və mütaliənin təbliği, mütaliə mədəniyyətinin formalaşdırılması, iştirakçı ölkələrin ədəbi irsinin dəstəklənməsi və inkişaf etdirilməsi, qlobal poliqrafiya sənayesinin təcrübəsinin öyrənilməsi və beynəlxalq əlaqələrin qurulmasıdır.
“İNFONEWS” xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən Özbəkistan Respublikası Prezidentinin Administrasiyası nəzdində İnformasiya və kütləvi kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev ölkədə kitab sənayesinin, mütaliənin inkişafına dövlətinin böyük qayğısı olduğunu qeyd edərək, Daşkənddəki “UzExpo Center” Sərgi Mərkəzində keçirilən tədbirə maraq böyük olmasından məmnunluğunu bildirib. O, Özbəkistan Respublikasının aparıcı kitab sənayesi təşkilatları, mədəniyyət müəssisələri ilə yanaşı, Sərgi-Yarmarkada Azərbaycan, Türkiyə, Misir, Qazaxıstan, Rusiya, Böyük Britaniya, Belarus, Qırğızıstan dövlətlərinin milli stendinin təşkil olunduğunu bildirib.
Qeyd edək ki, noyabrın 4-dək davam edəcək sərgidə III “Tashkent Book Fest” Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycanı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edir.
“UzExpo Center” Sərgi Mərkəzinin görkəmli yerində təşkil olunmuş və daha geniş sahə verilmiş Azərbaycan stendi ölkəmizin milli mədəniyyətinə dair elementlərlə, suvenir, xalçalar, posterlər, bayraqlarımızla bəzədilib və burada ölkəmizə dair Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan və özbək dillərində nəşrlər yer alır.
Azərbaycan stendində ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, Ermənistanın Azərbaycana təcavüzü, işğalçılıq siyasətinə dair nəşrlər, habelə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin təbliği məqsədilə nəşr olunan kitablar sərgilənir.
Milli stendimizdə Azərbaycanın dahi mütəfəkkiri Nizami Gəncəvi və özbək ədəbiyyatının tanınmış şairi Əlişir Nəvainin portretləri, onların Azərbaycan və özbək dillərinə tərcümə olunmuş xəmsələri nümayiş etdirilir.
Yeni kitablar olaraq özbək dilində “Kitabı-Dədə Qorqud”, Azərbaycan və Özbəkistanın atalar sözləri, Mirzə Ələkbər Sabir, Əhməd Cavad, Şah İsmayıl Xətainin əsərləri sərgi iştirakçılarına təqdim olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu il “Şuşa İli” elan olunmasını nəzərə alaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Xurşidbanu Natəvanın özbək dilinə tərcümə edilmiş və yeni çap olunmuş kitabının, habelə özbək müəllif Şuxrat Salamovun “Zəngəzur – Türk dünyasının qapısı” adlı nəşrinon Sərgi-Yarmarkada tanıtım layihəsi keçiriləcək və ictimaiyyətə təqdim olunacaq.