“1-ci QATAR, 32-ci VAQON, 5-ci PLATFORMA” – TƏBRİK EDİRİK!
Bu gün şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Səudiyyə Ərəbistanının Jubail şəhərində yaşayıb, fəaliyyət göstərən,
Mətanət Duyğulunun
doğum günüdür. Bu münasibətlə Azərbaycanımızın dəyərli şairəsi Mətanət xanımı təbrik edir, gördüyü bütün işlərində, eləcə də yaradıcılığında uğurlar arzu edirik!
“İNFONEWS” Mətanət Duyğulunun “1-ci QATAR, 32-ci VAQON, 5-ci PLATFORMA” şeirini təqdim edir:
Yenə ömür qatarım, səs salaraq dünyaya,
On iki ay yol gedib, çatdı platformaya.
Yaşatdağı günləri, həyat gətirib saya,
Yaşanmamış günləri, çəkib saldı tarıma,
Əlli birinci qatar, beşinci platforma.
Geyindirib illərin, əyninə sevgidən don,
Sədaqətdən danışdı, otuz ikinci vaqon.
Dayanaraq üz-üzə, baxışıb əzəllə, son,
Növbəti yolçuluğa, verdilər yeni forma,
Əlli birinci qatar, beşinci platforma.
Çıxdaş edib bir ömrün, astarını, düzünü,
Utancından həyat da, gizlədi sərt üzünü.
İstədi keçmişindən, silsin həsrət izini,
Fit səsinə diksinib, çəkdi əlini amma,
Əlli birinci qatar, beşinci platforma.
Əlli ikinci qatar, fitini çala-çala,
Əl sallayıb tarixə, yenidən bala-bala,
Əlvida deyib beşə, çıxdı altıncı yola.
Asta yeri qatarım, bu yolda məni yorma,
Əlli ikinci qatar,
Altıncı platforma.
20.11.2022