Özbəkistan nümayəndə heyəti Beynəlxalq Muğam Mərkəzinin qonağı olub
Ölkəmizdə səfərdə olan Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Muğam Mərkəzinin qonağı olub.
“İNFONEWS” xəbər verir ki, qonağı səmimi qəbul edən BMM-nin direktoru, xalq artisti Murad Hüseynov BMM solistlərinin cari ilin may ayında Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə “Lazgi” Beynəlxalq Musiqi Festivalında uğurla iştirakını qeyd edərək tanınmış mədəniyyət və ədəbiyyat xadimlərinin dəvət olunmasını sənət nümayəndələrinin bir-birini tanımasına xidmət etdiyini qeyd edib.
Daha sonra qonaqların şərəfinə muğam konserti təqdim edilib. Xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva nağarada Əməkdar artist Kamran Kərimov, tarda Zəki Vəliyev, kamançada Elnur Mikayılovun iştirakı ilə baş tutan proqram qonaqlar tərəfindən maraqla qarşılanıb. Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədov bu gün hər iki tərəfin bir-birinin ədəbi və musiqi mühiti ilə tanışlığı cəmiyyətin ölkələrimiz arasında baş verən mədəni proseslərdən xəbərdar olmasına şərait yaradır deyərək görkəmli Azərbaycan və özbək mütəfəkkirləri Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığından da söz açıb. Azərbaycana səfəri çərçivəsində keçiriləcək görüşlərin səmərəliliyinə ümidvar olduğunu qeyd edən nazir müavini diqqətə çatdırıb ki, Azərbaycanla Özbəkistan arasında əlaqələr yüksək xətlə inkişaf etməkdədir. Bu əməkdaşlıq xüsusilə mədəniyyətin müxtəlif sahələrində həyata keçirilən layihələrdə öz təsdiqini tapır. Azərbaycanın Özbəkistanla mədəni əlaqələrində muğam sənəti ilə bağlı layihələr isə mühüm əhəmiyyət kəsb edir. Özbəkistan Muğam Mərkəzinin fəaliyyətindən danışan nazir müavini hər iki qurum arasında yaxın gələcəkdə elmi və nəzəri layihələrin reallaşdırılmasının vacibliyini qeyd edib.
BMM ilə yaxından tanış olan nazir müavini qurumlar arasında qarşılıqlı mədəniyyət layihələrinin keçirilməsi ilə bağlı fikir və təkliflərini bölüşüb.