“Kənddən Şəhərə” Yeni il yarmarkaları fasiləsiz fəaliyyətə START VERDİ
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 17-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” Yeni il yarmarkaları təşkil olunacaq.
“İNFONEWS” xəbər verir ki, yarmarkalar Bakı və Abşeron ərazisində baş tutacaq. Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 50-ə yaxın regiondan 70-dən artıq fermer iştirak edəcək. Onlar 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
“Kənddən Şəhərə” Yeni il yarmarkasının təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır.
Qeyd edək ki, “Kənddən Şəhərə” Yeni il yarmarkalarında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən logistika dəstəyi göstəriləcək.
Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
“Kənddən Şəhərə” Yeni il yarmarkaları aşağıdakı ünvanlarda keçiriləcək:
-Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı);
-Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.