“ÖZÜNDƏN SORUŞDUQ”-da “Həmişə özünüzə yüksək hədəflər qoyun”

“ÖZÜNDƏN SORUŞDUQ”-da “Həmişə özünüzə yüksək hədəflər qoyun”

“İNFONEWS”-un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Azərbaycan tarixinin təbliğatçısı, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə tarixi faktlarla çatdırmaq kimi çətin, ciddi bir missiyanı üzərinə götürərək, yüksək tribunalardan xalqımızın siyasi-mədəni, etnik irsini nümayiş etdirən, çoxsaylı akademik əsərlərin, elmi məqalələrin müəllifi, Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunda “Sosial-iqtisadi və siyasi münasibətlər” kafedrasının müdiri Vəfa Qurbandır.

“İNFONEWS”: – Vəfa xanım, Sizi yaxından tanıyaq.

Vəfa Qurban: – Bakıda ziyalı ailəsində dünyaya göz açmışam. Hamı kimi mən də orta məktəbə doğma şəhərimdə getmişəm. Təhsilimi Türkiyədə Ege Universiteti Ədəbiyyat fakültəsinin Tarix bölməsində davam edib, elə həmin universitetin Sosial Elmlər İnstitutunda magistr, daha sonra doktorant oldum. 2015-ci ildən dosent və 2021-ci ildən isə professor elmi dərəcəsi almışam.

Əmək fəaliyyətimə təhsil aldığım müddətdə – əvvəlcə, İzmir İqtisad Universitetində, sonra Dokuz Eylül Universitetində müəllim kimi başlamışam.

Hal-hazırda məzun olduğum doğma universitetimizin Türk Dünyası Araşdırmalar İnstitutunda “Sosial-iqtisadi və Siyasi münasibətlər” kafedrasının müdiri vəzifəsində çalışıram.

“İNFONEWS”: – Vəfa xanım, təhsiliniz barədə elə sevgi ilə danışırsınız ki…

Vəfa Qurban: – Bəli. Müasir dövrümüzü təhsilsiz, eləcə də ali təhsilsiz təsəvvür etmək mümkün deyil. Mən təhsilə olduqca böyük önəm verirəm.

“İNFONEWS”: – Bilirik ki, çox aktual kitabların müəllifisiniz.

Vəfa Qurban: – Bu illər ərzində kitablarım, həmçinin bir sıra elmi məqalələrim həm Türkiyədə, həm də tanınmış beynəlxalq nəşriyyatlarda nəşr edilib. Böyük qürur hissi ilə deyə bilərəm ki, “Russian-Turkish Relations from the First World War to the Present”, “The Caucasus Policy of Russia in the Early 21st Century”, “Russia’s Turkey Policy during the Putin Era” kitablarım “Cambridge Scholars Publishing”də çapdan çıxıb. “Sovet Sosialist Respublikaları İttifaqının tarixi” kitabımın 2-ci nəşri Türkiyə “Yeditepe” nəşriyyat evi tərəfindən çapa hazırlanıb.

Həmçinin, şəxsiyyətinə hörmət bəslədiyim dostlarımdan biri mənə Vladimir Jabotinskinin 1917-ci ildə Londonda nəşr olunmuş “Türkiyə və Müharibə” kitabını hədiyyə edib ki, çox böyük həvəs və maraqla bu kitabı Türk dilinə tərcümə etmişəm.

“İNFONEWS”: – Hazırda üzərində işlədiyiniz yeni kitabınız varmı?

Vəfa Qurban: – Son vaxtlar böyük məmnuniyyət hissi ilə yeni bir kitab üzərində işləyirəm. Kitabda Qarabağ müharibəsi və Şuşa haqqında maraqlı, geniş məlumatlar yer alıb, artıq tamamalama işləri görürəm. Çox yəgin ki, bu kitab da elə “Cambridge Scholars Publishing”də dərc ediləcəkdir.

“İNFONEWS”: – Bu günün gənclərinə, müasir gənclərə nə tövsiyə edərdiniz?

Vəfa Qurban: – Gənclərə ünvanladığım bütün müraciətlərimdə davamlı, yorulmadan, durmadan çalışmalarını, öz üzərində işləmələrini, hər bir işə səbrlə yanaşaraq, cüzi bir çətinliyə təslim olmamalarını tövsiyə edirəm. Ruhdan tez düşmədən böyük amallar dalınca getsinlər. Həmişə özlərinə yüksək hədəflər qoysunlar.

“İNFONEWS”: – Vəfa xanım, Siz xaricdə yaşayıb-yaradan, uğurları, gördüyü işlərlə xalqımızı yetərincə yüksək səviyyədə təmsil edən Vətən övladısınız, dəyərlimizsiniz.

Vəfa Qurban: – Xalq, ailə, Vətən hər şeydən üstündür. Qeyd etmək istərdim ki, Vətəninə, xalqına xidmət etmək üçün Vətəndə yaşamaq əsas şərt deyil. Mən artıq uzun illərdir Türkiyədə yaşayıram. Amma Azərbaycanımızın yeri qəlbimdə bir başqadır, daha özəldir, hərçənd “biz bir millət, 2 dövlətik”.

 

 

 

 

 

“İNFONEWS” komandası olaraq, Vəfa Qurbana təşəkkür edir, gələcək işlərində uğurlar arzulayırıq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir