“Gender bərabərliyi və İdarəetmə” mövzusunda təlimlərə START VERİLDİ
Dekabrın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə “Gender bərabərliyi və idarəetmə” mövzusunda ikigünlük təlimlərə start verilib.
“İNFONEWS” xəbər verir ki, “Avropa İttifaqı gender bərabərliyi naminə: islahat üzrə yardım xidməti” layihəsi çərçivəsində təşkil edilən təlimlərdə yerli icra hakimiyyətlərinin gender məsələləri üzrə məsul şəxsləri kimi icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, ölkəmizdə 2006-cı ildə “Gender (kişi, qadın) bərabərliyinin təminatları haqqında” Qanun qəbul olunduqdan sonra Komitə tərəfindən hər il Milli Məclis qarşısında hesabat verilir.
Sədaqət Qəhrəmanova qeyd edib ki, ölkədə gender məsələləri ilə bağlı vəziyyəti təhlil etmək üçün müəyyən komitələrə, nazirliklərə və bir sıra şirkətlərə müraciət olunur və artıq müəyyən dövlət qurumlarında gender məsələləri üzrə məsul şəxslər təyin edilib. Komitə sədri diqqətə çatdırıb ki, iki gün davam edəcək təlimlər gələcəkdə gender məsələləri ilə bağlı daha dolğun məlumatların alınmasına töhfə vermək məqsədi daşıyır.
Təlimdə, həmçinin gender bərabərliyinin təmin edilməsi istiqamətində aparılan dövlət siyasəti, gender bərabərsizliyinin səbəbləri və aradan qaldırılması yolları, qlobal trendlər, genderə həssas yanaşma, gender indikatorları və yoxlama alətləri, genderə məsul şəxsin funksiyasının təsviri və idarəetmədə rolu haqqında məlumat verilib.
(AZƏRTAC)