Bakıdakı sığınacağın bərbad durumu

Bakıdakı sığınacağın bərbad durumu

Rusiyanın nüvə silahından istifadə etməsi təhdidindən sonra bir çox ölkələr bomba sığınacaqlarını gözdən keçirir…

 

Azərbaycanda bu vəziyyətin hansı səviyyədə olmasını görmək üçün Yenicag.az-ın reportyor qrupu Bakı şəhərinin Nərimanov rayonunda, “Ulduz” metrostansiyasının yaxınlığındakı bomba sığınacağında olub.

 

SSRİ dövründə tikilmiş bu sığınacaq nəinki bombadan sığınmağa imkan verir, özü sığınmağa belə yer axtarır…

 

Məsələ ondadır ki, adı bomba sığınacağı olan məkan hazırda narkomanların “mal qəbul” etmə məntəqəsinə çevrilib.

 

Bomba sığınacağının içərisi geniş olduğundan oranın bir neçə girişi var. Sığınacaqda eyni vaxtda 3-4 min nəfər insan qoruna bilər.

 

Sığınacağın içərisində ilkin tibbi yardım otağından tutmuş, qazanxanası, sanitar qovuşağına qədər hər şey mövcud olub. Müşahidə apardığımız zaman gördük ki, sovet vaxtından qalma silah-sursat yeşikləri, qaz əleyhinə maskalar, sənədlər yerləri “bəzəyir”.

Ərazidə olduğumuz vaxt bir neçə gənc yaxınlaşıb içəri girmək istəyirdi, ancaq onlar uzaqlaşdılar. Yaxınlıqda olan şəxslərdən soruşduqda bildirdilər ki, bura daha çox narkomanlar gəlirlər. Ərazi hazırda xarabalığı xatırladır.

 

Keçmiş bomba sığınacağı təkcə narkomanlar yox, həm də bomjların sığınacağına çevrilib.

Məlum obyektin vəziyyətinə baxdıqda Azərbaycanda mülki müdafiə ilə bağlı vəziyyətin necə olması çılpaqlığı ilə aydın olur.

 

İnsanları bombadan qorumalı olan sığınacağın hazırda özünün bir bombalıq canı yoxdur…

 

 

Rəvanə Dadaşova 

Fariz Faiqoğlu

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir