Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Azərbaycan dili milli varlığımız, mənəvi sərvətimizdir” tədbiri keçirilib
Dekabrın 16-da “Azərbaycan dilinin qloballaşdırma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Cənab Prezidentin 09.04.2013-cü il tarixli sərəncamının icrası ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Prezident İlham Əliyev və dövlətin dil siyasəti” və “Azərbaycan dili milli varlığımız, mənəvi sərvətimizdir” mövzularında tədbir keçirilib.
“İNFONEWS” Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına əsasən xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru filologiya üzrə elmlər doktoru, professor Sevinc Əliyeva, AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Aynur Paşayeva iştirak ediblər.
Tədbirdə çıxış edənlər bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus doğma dilinin olmasını, bir toplumun xalq kimi məhz ana dili vasitəsilə özünü sübut etdiyini bildirərək, bunun Dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan dilimizə ehtiramın göstəricisi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda da öz əksini tapdığını xüsusi vurğulayıblar.
Sonda tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan dili haqqında çıxışları barədə hazırlanmış videoçarx təqdim edilib.