Narkomanların oylağına çevrilmiş səhiyyə ocağı

Narkomanların oylağına çevrilmiş səhiyyə ocağı 

İnfonews xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 27 saylı poliklinika indi narkomanların oylağına, yer tapmayanların əxlaqsızlıq yuvasına çevrilib.

 

Uzun müddət öncə həmin ərazidə 27 saylı poliklinika fəaliyyət göstərib. Daha sonra həmin poliklinika 9-cu mikrorayon ərazisinə köçürülüb.

 

Hal-hazırda narkomanların oylağı olan keçmiş poliklinikanın ətrafında yaşayış, ictima-iaşə obyektləri mövcuddur.

 

Gecə saatlarında keçmiş poliklinikanın binasında “həyat başlayır”. Qapıdan, pəncərələrdən müxtəlif yaşda və müxtəlif tipli insanlar ora daxil olur.

 

Məsələ ondadır ki, müşahidələrimiz zamanı hazırda narkomanların yuvasına çevrilən bu yerə məktəblilərin, azyaşlı uşaqların da girib-çıxdığını gördük.

 

İçəri girəndə poliklinikanın rəsmi sənədləri, Səhiyyə Nazirliyi ilə poliklinika arasındakı yazışmaların yerdə, ortalıqda olduğunu görürük.

Yerdə şpristlər, alt və iç geyimləri, narkotiklərin qalıqlarını, qol sıxmaq üçün juqutlar görmək olur. Hətta narkomanlar özləri üçün bir otaq da yaradıblar. Qaranlıq otaqda şamlar düzülüb və şam işığı altında narkotikdən istifadə edirlər.

Binanın bu cür istifadə edilməsi qonşuların da narahatlığına səbəb olur.

Sakinlər bildiriblər ki poliklinika artıq uzun müddətdir ki baxımsız vəziyyətdədir. Gecənin müxtəlif saatlarında bu əraziyə gəlib gedənlər olur. Bir sözlə poliklinikanın içərisində həyat gecə başlıyır. Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər həmçinin narkotik isdifadəçilərinin böyük əksəriyyəti bu əraziyə gəlirlər. Gündüz vaxtı isə məktəblilər burdan keçir və dağılmış əraziyə böyük maraq göstərirlər.Bura şagirdlər üçün böyük təhlükə mənbəyidir. Sakinlərin sözlərinə görə Daxili İşlər Nazirliyinin əməkdaşları gəlib bir neçə dəfə gəlib əraziyə baxıblar ama ciddi tədbirlər görülmüyüb.

Bir neçə ay bundan əvvəl sözü gedən məkanda əxlaqsızlıq işləri ilə məşğul olan yeniyetmələrdə var idi.

 

Məsələ ilə bağlı ilk olaraq Binəqədi rayon 7ci polis bölməsinə müraciət etdik . Qurumdan bildirib ki, narkotik vasitələrdən və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşı mübarizə tədbirlərinin aparılması Daxili İşlər nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.

“ Qeyd olunan ərazidə hazırda Binəqədi rayon 7 polis bölməsinin əməkdaşları tərəfindən gücləndirilmiş şəkildə nəzarət tədbirləri həyata keçirilir. Əlavə qruplar həmin əraziyə təhkim olunub. Ərazidə neqativ hallar tam arada qaldırılana kimi burada gücləndirilmiş şəkildə nəzarət davam etdiriləcək.

Məsələ ilə bağlı klinik psixoloq Fidan Ibrahimova açıqlamasında bildirib ki, Yeniyetmələr arasında zərərli asılılığa səbəb olan üç fərqli amil var – bu, bioloji, psixoloji və sosialdır.

Psixoloji amillər kimi fərdin qeyri-kafi inkişafı və sosial inkişafı nəzərdə tutulur. Yeniyetməlik dövründə uşaqlarda maksimalizm üstünlük təşkil edir, onlar hər şeyi bir anda istəyirlər. Bu yaşda olan uşaqlarda müxtəlif yollarla həzz almaq istəyi yüksək səviyyədə olur, lakin onların nəticələrini təhlil etmək qabiliyyəti hələ tam formalaşmır. Yeniyetmələr narkotiklərin lehinə məsləhətsiz addım atırlar, çox vaxt bunun arxasında fayda axtaran bir yetkinin təsiri dayanır. Uşağın ətraf mühiti də eyni dərəcədə güclü təsirə malikdir, məsələn, öz şəxsiyyəti üçün mübarizə apararkən, o, narkotik istifadəsi ilə böyüməsini “göstərir” və bunun ciddi bir xəstəliyə səbəb olacağını dərk etmir.Gələcəkdə hansı uşağın maddədən istifadə edəcəyi, hansı uşağın istifadə etməyəcəyi dəqiq bilinməsə də, bəzi elmi məlumatlarla bunu proqnozlaşdırmaq olur. Bir çox araşdırmalar göstərmişdir ki, davranış pozuntuları, uşaqlıqda tez-tez rast gəlinən və müalicə olunmayan uşaq depressiyaları kimi psixiatrik vəziyyətlər gələcəkdə maddə istifadəsi üçün risklidir. Bunlardan başqa cinsi laqeydlik və sui-istifadə, ailə ilə sıx münaqişə, ailədə maddə istifadə edən fərdlərin olması, məktəbdə uğursuzluq, aşağı sosial-iqtisadi səviyyə, maddələrə asan çıxış risk faktorları arasında sayıla bilər.

Hansı əlamətlər valideynləri xəbərdar etməlidir?  

Yeniyetmədə bir sıra fiziki, emosional və sosial əlamətlər müxtəlif ipucu ola bilər. Anoreksiya, arıqlama, yuxusuzluq, qızartı və sulu gözlər, ürəkbulanma, qusma, ishal, həddindən artıq tərləmədə qeyri-adi qoxu və paltarda yanıqlar, geyim tərzində aşkar dəyişikliklər müxtəlif fiziki əlamətlər ola bilər. Emosional olaraq, şəxsiyyət dəyişikliyi, ani və tez-tez əhval dəyişikliyi, mühakimə qabiliyyətinin azalması, depressiya, ümumi maraq itkisi təhlükə əlamətləri ola bilər. Maddələrdən istifadə edən yeniyetmələr məktəbdə və ailədə də müəyyən çətinliklər yaşayırlar.

 

Dərsdən yayınma, laqeydlik, nizam-intizam problemləri, dost qrupunun dəyişməsi bəzi xəbərdarlıq əlamətləri olsa da, evdə tez-tez mübahisələr, evdən qaçma davranışları və qaydalara əməl etməmək mühüm əlamətlər arasında sayıla bilər. Yuxarıda sadalanan simptomların bir çoxu müxtəlif psixiatrik şəraitdə görünə bildiyindən, onlar yalnız narkotik asılılığı olanlara xas deyildir.

Ailələr bununla bağlı nə kimi tədbirlər görə bilər?

” Ən təsirli tədbirlər və nəticələr üçün yalnız yeniyetmələrə diqqət yetirmək lazım deyil, ilk növbədə anaları, ataları və müəllimləri əhatə edəcək böyük qruplara diqqət edilməsi çox vacibdir.

Ailələr övladlarının davranışındakı qəfil dəyişikliklərə hər zaman həssas yanaşmalıdırlar;

Uşaqlara “yox” deməyi, xüsusən də həmyaşıdlarının təzyiqinə necə reaksiya verməyi öyrətməlidirlər;

Ailələr qeyd-şərtsiz dinləmə bacarıqlarını inkişaf etdirməlidirlər ki, uşaqları hər şey haqqında onlarla danışa bilsinlər;

Maddələrdən istifadə, asılılıq və onların real və mümkün nəticələri uşaqlara çox erkən izah edilməlidir;

Valideynlə uşaq arasında sıx bir əlaqə olmalı və ünsiyyət həmişə möhkəm olmalıdır. Ailələr mütləq məktəb iclaslarında iştirak etməli, uşaqların dostları və ailələri ilə görüşməli, onlarla ünsiyyət qurmağa çalışmalıdırlar;

Uşaqları erkən yaşlarından idman və ictimai fəaliyyətlərə yönəltmək faydalıdır” deyə qeyd edib.

Rəvanə Dadaşova 

Fariz Faiqoğlu

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir