“İNFONEWS” xəbər verir.
Gecələr zülmətə bürünən, üfunət iyi verən bu xaraba bina narkomanların yığıncaq yeridir.
Narkomanların məskən saldığı binanın içərisinə daxil olursan və divarda bu sözlərlə qarşılaşırsan. Sağ tərəf cənnət, sol tərəf isə cəhənnəmdir. Cənnət sayılan otaqlar işıqlıdır, cəhənnəm isə qara pərdələrlə örtülmüş pəncərədən ibarətdir. Yəni qaranlığı cəhənnəm hesab edirlər.
Söhbət haradan gedir? Bakı şəhəri Səbail rayonu Xanlar küçəsində yerləşən Bakı şəhər İcra Hakimiyyətinin Şəhərsalma, Memarlıq və Arxeologiya Abidələrinin Bərpası üzrə “Bərpaçı” Baş idarəsinin keçmiş binasından.
İdarə Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2000-ci il tarixli 270 nömrəli Fərmanı ilə ləğv edilib. İdarənin inzibati binası hazırda İçərişəhərdə yerləşir, ləğv edildiyi üçün işləmir. Ancaq idarənin keçmiş inzibati binası və bütün sənədlər ortalıqda qalıb.
Binanın içərisində köhnə sənədlərlə yanaşı, şprislər də N qədərdir. Bir zamanlar tarixi və mədəniyyət abidlərinin bərbası ilə məşğul olan binanın içərisində “uçuşa keçmək” özü də ayrı aləmdir.
Məsələ ilə bağlı ilk olaraq Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətin İNFONEWS-a açıqlamasında bildirib ki, narkotik vasitələrdən və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşı mübarizə tədbirlərinin aparılması Daxili İşlər nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Əraziyə dərhal Səbail rayonu 9-cu Polis Bölməsinin naryadları cəlb edildi. Görülən tədbirlər nəticəsində ərazidə olan bütün neqativ hallar aradan qaldırıldı.