Azərbaycan Texniki Universitetində təhsil alan əcnəbi tələbələr Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan bir qrup əcnəbi tələbə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Universitetdən aldığımız məlumata görə, əcnəbi tələbələrə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin qoşun hissələrinin müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif silahlardan atəş açaraq şəhərə daxil olmaları, dinc əhaliyə divan tutmaları haqqında məlumat verilib.
Bildirilib ki, xalqımızın qan yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi hər il ölkəmizdə ümumxalq hüzn günü kimi qeyd edilir.