Ötən il ərzində Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası uğurla icra olunub
Müdaifə Nazirliyinin Mətbuat Xidmətindən “İNFONEWS”-a bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasında qarşıya qoyulan məqsədlərə nail olunması ilə bağlı nazirlikdə 2022-ci il ərzində müvafiq tədbirlər icra olunub.
Müdafiə Nazirliyinin fəaliyyəti barədə ictimaiyyətə dəqiq, dolğun və operativ məlumatların verilməsi məqsədilə 2022-ci il ərzində nazirliyin rəsmi internet səhifəsində (www.mod.gov.az) Azərbaycan, rus və ingilis dillərində 1000-dən artıq məlumat yerləşdirilib.
Eyni zamanda, nazirliyin rəsmi feysbuk səhifəsində 1200-dən artıq, teleqramda 2300-dək, instaqramda 1250-dən artıq məlumat, tvitterdə 1900-dək tvit paylaşılıb.
Nazirliyin rəsmi internet səhifəsində hərbi-vətənpərvərlik və digər mövzularda keçirilən tədbirlərlə bağlı 5000-dək foto və 360-dan artıq video material yerləşdirilib.
Bundan başqa, kütləvi informasiya vasitələrindən (KİV) Azərbaycan, rus və ingilis dillərində daxil olan 100-dən artıq sorğu cavablandırılıb.
Müvafiq dövrdə KİV-dən daxil olan 250-dək müraciət araşdırılıb və çəkilişlərin təşkil edilməsi üçün zəruri köməklik göstərilib. Media nümayəndələrinin nazirliyin müvafiq strukturlarının maddi-texniki, eləcə də maddi-tədris bazasından istifadə edilməklə 103 tədbiri təşkil olunub.
Hesabat dövründə geniş ictimaiyyətin məlumatlandırılması və KİV-lə işin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinə, nazirliyin idarə və xidmət, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə, işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrə və döyüş mövqelərinə ümumilikdə 43 media-tur təşkil olunub. Media-turlar çərçivəsində jurnalistlər hərbi qulluqçularla görüşüb, onlardan müsahibələr alıb, şəxsi heyətin xidməti, döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə tanış olublar.
Ermənistan silahlı qüvvələri və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən törədilən təxribatlar, eləcə də Ordumuz tərəfindən onlara qarşı görülən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə KİV nümayəndələrinin iştirakı ilə 6 brifinq keçirilib.
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanının tələblərinə uyğun olaraq Müdafiə Nazirliyinin rəsmi saytının müraciətlər bölməsinə, eləcə də elekton poçt ünvanına daxil olan 35500-dək müraciət müvafiq qaydada istiqamətlər üzrə yönəldilib və cavablandırılması təmin edilib.
Kommunikasiya sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə media araşdırmaları institutları ilə müvafiq işçi görüşləri keçirilib və 30-dək hərbi qulluqçu xarici ölkələrdə beynəlxalq tədbirlərdə iştirak edib.
Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq qarşıya qoyulan məqsədlərə nail olmaq üçün 2023-cü ildə də tədbirlərin planlı şəkildə həyata keçirilməsi davam etdiriləcəkdir.